Qlobal fond bazarlarında kütləvi satış dalğası müşahidə olunur

A- A A+

“Anthropic” şirkətinin ilkin kütləvi səhm təklifi (IPO) qlobal bazarların diqqət mərkəzində olsa da, investorların risk iştahının kəskin azalması diqqət çəkir. ABŞ dolları “Anthropic”in IPO-su ilə əlaqədar tələbatın artması, Federal Ehtiyat Sisteminin (FED) faiz artımlarını davam etdirəcəyi ilə bağlı gözləntilər və ABŞ dövlət istiqrazlarının yüksək gəlirliliyi fonunda ardıcıl dördüncü həftə bahalaşmağa hazırlaşır.

NUHÇIXAN  xəbər verir ki, ABŞ fond birjalarında “Anthropic”in uğurlu ilkin kütləvi səhm təklifinə baxmayaraq, süni intellekt sektorunda bahalaşma tendensiyası davam etməyib və satışlar bazarın digər sahələrinə də yayılıb.

“S&P 500” indeksi 2 faiz azalaraq 2024-cü ilin aprelindən bəri ən uzunmüddətli geriləmə seriyasını qeydə alıb. İndeksə daxil olan 460-dan çox şirkətin səhmləri ucuzlaşıb, iri texnologiya şirkətlərinin bütün səhmləri isə dəyər itirib. “Dow Jones” indeksi də texniki korreksiya həddinə yaxınlaşıb.

“Anthropic”in səhmləri ilk ticarət gününü ilkin təklif qiymətindən 17 faiz yüksək səviyyədə başa vursa da, bu uğurlu başlanğıc süni intellekt şirkətlərinin səhmləri ilə bağlı narahatlıqları aradan qaldırmayıb.

İnvestorları əsasən süni intellekt şirkətlərinin çiplərə və məlumat mərkəzlərinə xərclədikləri yüz milyardlarla dolların müqabilində kifayət qədər sürətlə gəlir və mənfəət əldə edib-etməyəcəyi düşündürür.

Analitiklər bildirirlər ki, “Anthropic”in IPO-su böyük uğur olsa da, bu hadisə süni intellekt sektorunda gəlirlilik, nəhəng investisiya xərcləri, yüksək faiz dərəcələri, kredit bazarındakı gərginlik və geosiyasi risklər kimi daha geniş problemləri həll etmir.

Maliyyə bazarlarında risklərdən yayınma meyili daha da güclənib. “Anthropic”in səhmləri ilk ticarət günündə 17 faiz bahalaşdıqdan sonra birja bağlandıqdan sonrakı əməliyyatlarda 4,7 faiz ucuzlaşıb. Satış təzyiqi xüsusilə Asiyanın texnologiya şirkətlərinin səhmlərində kəskinləşib.

“MSCI”nin Asiya-Sakit okean regionu üzrə indeksi 2,9 faiz azalaraq 2020-ci ilin martından bəri ən zəif həftəlik göstəriciyə doğru irəliləyib. Tayvan fond bazarı 5,2 faiz, Cənubi Koreya 4,4 faiz, Yaponiya isə 4,3 faiz ucuzlaşıb.

Qlobal səhmlərin dinamikasını izləyən “MSCI All Country World” indeksi də 0,5 faiz azalaraq geriləməsini ardıcıl yeddinci günə çatdırıb. Bu, 2023-cü ilin sentyabrından bəri ən uzunmüddətli ucuzlaşma seriyasıdır. “MSCI Emerging Markets” indeksi isə iyun ayında qeydə alınan zirvə göstəricisindən 20 faiz geriləyərək texniki ayı bazarı həddinə yaxınlaşıb.

Süni intellekt sektorundakı narahatlıqlara FED-in sərt pul siyasətinə dair açıqlamaları da əlavə olunub. FED rəsmilərinin inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrinin daha da artırılmasının tələb oluna biləcəyinə işarə etməsi investorların risk iştahını daha da zəiflədib. ABŞ fond indekslərinin fyuçersləri də mənfi zonada qərarlaşıb. “Nasdaq 100” fyuçersləri 0,5 faiz, “S&P 500” fyuçersləri isə 0,2 faiz ucuzlaşıb. Risklərdən yayınma meyilinin güclənməsi istiqrazlara və dollara tələbatı artırıb. ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2 baza bəndi azalaraq 5,02 faizə düşüb. “Bloomberg Dollar Index” isə 2025-ci ilin aprelindən bəri ən yüksək səviyyələrinə yaxın mövqeyini qoruyub.

Qiymətli metallar bazarında da ucuzlaşma müşahidə olunub. Qızılın bir troya unsiyasının qiyməti 2,1 faiz azalaraq 3550 dollara enib, həftəlik itki isə təxminən 9 faizə çatıb. Gümüşün həftəlik ucuzlaşması təxminən 14 faiz təşkil edib. “Brent” markalı neftin bir barelinin qiyməti 92 dollardan yuxarı səviyyədə qalsa da, həftəni 3 faizdən çox itki ilə başa vuracağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: