Ermənistanın Ədliyyə Nazirliyi bazar ertəsi yeni Konstitusiyanın mətnini dərc edəcək.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Ermənistan hökumətinin başçısı əlavə edib ki, yeni Konstitusiyanın mətni ictimaiyyətə açıqlanandan sonra Ermənistan xalqına müraciət edəcək.
O, parlamentdəki müxalifət fraksiyalarını sənədin ümumxalq səsverməsinə çıxarılması üçün çatışmayan altı səsi təmin etməyə çağırıb. Sənədin referenduma çıxarılması üçün hakimiyyət ümumi deputat sayının üçdə ikisinin – 105 deputatdan azı 70-nin dəstəyini almalıdır.
Nikol Paşinyan bu kontekstdə müxalifətə ötən gün etdiyi təklifi bir daha təkrarlayıb. Belə ki, o, parlamentdəki müxalifət nümayəndələrinə yeni Konstitusiya layihəsinin ümumxalq səsverməsinə çıxarılmasına mane olmamağı təklif edib. Bunun müqabilində isə referendumda xalqın Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcəyinə söz verib.
O, həmçinin vətəndaşların ölkənin yeni Əsas Qanununu dəstəkləyəcəyi təqdirdə növbəti seçkilərdə baş nazir vəzifəsinə iddia etməyəcəyini bildirib.
