ABŞ-də qeyri-adi xilasetmə: İt hotelə gedərək meşədə azan sahibinə kömək apardı - FOTOLAR
ABŞ-də Bekki ləqəbli "basset-haund" cinsindən olan it demensiyadan əziyyət çəkən və qarlı havada meşədə azan 69 yaşlı sahibinin xilas olunmasında həlledici rol oynayıb. Heyvan təkbaşına ən yaxın hotelə gedərək işçilərin diqqətini cəlb edə bilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Syracuse" portalı məlumat yayıb.
Onu hotelinin girişində görən əməkdaş daimi müştərinin itini dərhal tanısa da, yaşlı şəxs özü ətrafda olmayıb. İşçi vaxt itirmədən polisə məlumat verib.
Ərazidə aparılan ilkin axtarışlar nəticə verməyib. Əməliyyata meşə reyncerləri, kinoloqlar və dronlar cəlb edilib. Meşədə havanın temperaturunun mənfi 4 dərəcəyə düşməsi vəziyyəti daha da gərginləşdirib. Səhər saatlarında axtarış tədbirlərinə aviasiya da qoşulub.
Saat 10 radələrində itkin düşən şəxsi təsadüfən bir ovçu tapıb. O, meşənin dərinliyindən gələn səsləri eşidərək koordinatları xilasedicilərə ötürüb. Kişi ayaqqabısız və əlcəksiz halda tapılıb, əl-ayaqlarında güclü donvurma qeydə alınıb. Yaralı xüsusi qurğuyla helikopterə qaldırılaraq xəstəxanaya çatdırılıb.