Fransada COVID-19-un yayılması sürətlənir

A- A A+

Fransada COVID-19 virusunun yayılması son günlərdə yenidən artıb. Bununla belə, səhiyyə orqanları virusun xəstəxanalara və tibbi xidmətlərə təsirinin hələlik məhdud olduğunu bildirirlər.

NUHÇIXAN  xəbər verir ki, “Radio France”ın rəqəmsal araşdırma bölməsinin Fransa İctimai Səhiyyə İdarəsinin məlumatları əsasında apardığı təhlilə görə, virusun çirkab sularda yayılma göstəricisi yay aylarından etibarən yüksəlməkdədir və hazırda çox yüksək səviyyəyə çatıb. Son ay ərzində təxminən 40 faiz artım qeydə alınıb.

Səhiyyə orqanları şəhər tibb müəssisələrində və xəstəxanalarda, xüsusilə böyüklər arasında yoluxma göstəricilərinin nəzərəçarpacaq dərəcədə artdığını qeyd edirlər. Bununla belə, COVID-19 şübhəsi ilə tibbi xidmətə müraciətlər və virusla əlaqəli ölüm halları hələ də aşağı səviyyədədir.

Paris Saint-Louis xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi Ann-Klod Kremyö bu vəziyyəti əhalidə infeksiyalar və vaksinasiya nəticəsində formalaşmış immunitetin yüksək olması, eləcə də 2022-ci ildən yayılan Omikron variantının xüsusiyyətləri ilə izah edir. Onun sözlərinə görə, bu variant əsasən yuxarı tənəffüs yollarını zədələyir, soyuqdəymə və angina kimi daha yüngül simptomlarla müşahidə olunur.

Bununla belə, mütəxəssis COVID-19-un hələ də ağır xəstəliklərə səbəb ola biləcəyini, xüsusilə yaşlı insanlar üçün təhlükə yaratdığını vurğulayır. Hospitalizasiya və ölüm hallarının əksəriyyətinin 70 yaşdan yuxarı şəxslərdə qeydə alındığını bildirən Kremyö, 65 yaşdan yuxarı insanları qorunmağa və vaksinasiya olunmağa davam etməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: