İraqın cənubunda yerləşən Əl-Hartha elektrik stansiyasında baş verən güclü yanğın nəticəsində 4 nəfər həlak olub, 35 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin sayının artacağı istisna edilmir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İraq təhlükəsizlik qüvvələrinin mətbuat mərkəzindən bildirilib ki, zərərçəkənlərin əksəriyyəti stansiyanın yaxınlığındakı evlərin sakinləridir. Onlar əsasən yanıq xəsarətləri alıb və ya tüstüdən zəhərləniblər.
Yanğınsöndürmə briqadaları alovu nəzarət altına alıblar. Bununla belə, yanğının yaxınlıqdakı yaşayış binalarına da keçdiyi və elektrik stansiyasının fəaliyyətinin tam dayandırıldığı bildirilir.
İraqın Energetika Nazirliyi hadisəyə stansiyanı yanacaqla təmin edən qaz boru kəmərindəki nasazlığın səbəb olduğunu ehtimal edir.
