ABŞ Prezidenti Donald Trampın komandası Miladdan əvvəl, yəni dekabrın 25-nə qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməkdə qərarlıdır.
NUHÇIXAN-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Volodimir Zelenski bildirib.
Prezidentin sözlərinə görə, texniki görüşlər tezliklə keçiriləcək. Əsas məqsəd gələcək danışıqların məzmununu və nəticəsini hazırlamaqdır.
“Yalnız bundan sonra üçtərəfli görüşün yeri və vaxtı barədə razılığa gəlmək mümkün olacaq. Lakin Vaşinqton artıq Miladdan əvvəl onu keçirmək istədiyini bildirib”, - deyə Zelenski əlavə edib.
Zelenski ABŞ-nin təklifi ilə razılaşdığını vurğulayıb. O, əmindir ki, nəticələr nə qədər tez əldə olunarsa, bir o qədər yaxşıdır.
Ukraynanın G20 sammitində iştirakına gəldikdə, Ağ Ev hələlik yekun qərar verməyib. Ukrayna Prezidenti qeyd edib ki, bu, həqiqətən də belə bir görüş üçün əla yerdir.
Zelenski, həmçinin bildirib ki, bir çox lider Trampın komandasına Ukraynanı G20-yə rəsmi olaraq dəvət etməyi təklif edib.
“Hələ ki, dəvət almamışıq, amma dəvət alsaq, mütləq iştirak edəcəyik. G20 sammiti çərçivəsində üçtərəfli görüş mümkündür - əminəm ki, olacaq. Eşitmişik ki, Konqresin bəzi üzvləri Trampın Putini dəvət etməsindən məmnun deyillər. Amma Tramp Ukraynanı dəvət edərsə, bu, başqa məsələdir, çünki üçtərəfli görüş hamı tərəfindən dəstəklənəcək”, - deyə Zelenski bildirib.
