Çinin süni intellekt sahəsində ixtisaslaşan “MiniMax” şirkətinin təsisçisi Yan Tszuntsze səkkiz ay ərzində sərvətinin 90 faizindən çoxunu itirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Forbes” jurnalında yayımlanan məqalədə bildirilib.
Nəşr yazır ki, “MiniMax”ın Honkonq birjasında listinqindən sonra Yan Tszuntszenin sərvəti 12,6 milyard dollarlıq zirvəyə çatmış və o, onrəqəmli sərvət toplayan ən gənc sahibkar olmuşdu. Lakin Çin süni intellekt laboratoriyasının sərt rəqabətlə üzləşməsi və mənfəətliliyə gedən aydın yolun görünməməsi səbəbindən onun sərvətinin böyük hissəsi “əriyib”.
“Forbes”in qiymətləndirməsinə görə, 37 yaşlı sahibkarın sərvəti 959,5 milyon dollara qədər azalıb. Onun kapitalının əsas hissəsini “MiniMax”dakı payı təşkil edirdi. Mart ayından bəri şirkətin səhmləri 90 faizdən çox ucuzlaşaraq Honkonq Fond Birjasındakı ilkin yerləşdirmə qiymətindən aşağı səviyyədə satılır. Nəticədə şirkətin bazar dəyəri 55 milyard dollar azalıb.
Şirkətin mövqelərinin zəifləməsinin əsas səbəblərindən biri Çinin iri texnologiya korporasiyaları tərəfindən rəqabətin güclənməsidir. Xüsusilə “Tencent” və “Alibaba” süni intellektin inkişafına investisiyaları artırmaqda davam edirlər. Bundan əlavə, bu yaxınlarda ikinci maliyyələşdirmə raundunu başa çatdıran “DeepSeek” modeli də bazarda mövqelərini möhkəmləndirir.
“OpenRouter” platformasının məlumatına əsasən, noyabrın 16-dan başlayan həftə ərzində “MiniMax”ın heç bir modeli dünyada ən çox tələb olunan modellər siyahısına düşməyib. İstifadə sayına görə birinci yeri “Tencent”in “Hy4 Flash” modeli, sonrakı iki yeri isə “DeepSeek” modelləri tutub.
