Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezidentlər - Robert Köçəryan və Serj Sarqsyanı "Böyük Ermənistan" haqqında çıxışlarla pərdələnərək ölkəni talamaqda ittiham edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Paşinyan xalqa müraciətində bildirib.
N.Paşinyan müraciətində Dördüncü respublikanın Üçüncü respublikadan əsas fərqini münaqişənin olmaması adlandırıb: "Üçüncü Ermənistan Respublikası münaqişə naminə, qarşıdurma naminə yaradılmışdı. Vətəndaşların təhlükəsizliyinin, azadlığının və rifahının təmin edilməsi, onların kimliyinin qorunması və inkişafı, insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi onun yaradılmasının məqsədi deyildi".
Öz sözlərini təsdiqləmək üçün N.Paşinyan Ermənistanın 1990-cı illərdəki rəhbərlərinin bəyanatlarına və məqalələrinə, həmçinin Müstəqillik Bəyannaməsinin mətninə istinad edib. Onun sözlərinə görə, münaqişə məntiqi insanı və onun xəyallarını arxa plana keçirdi, ölkəni qarşıdurmaya sürüklədi və Ermənistanı taqətdən salan mühacirətə səbəb oldu.
