Fransa Prezidenti Emmanuel Makron dövlət büdcəsinin kəsirini və borclanmasını məhdudlaşdırmaq məqsədilə “büdcə qızıl qaydası”nın Konstitusiyaya daxil edilməsi imkanını nəzərdən keçirir.
NUHÇIXAN xəbər verir ki, “Franceinfo”nun noyabrın 23-də Yelisey sarayına yaxın mənbəyə istinadən yaydığı məlumata görə, təşəbbüs Fransada maliyyə böhranı riskinin qarşısını almaq, dövlət borcunun 3,6 trilyon avroya çatması və faiz dərəcələrinin yüksəlməsi fonunda investorların etimadını gücləndirmək məqsədi daşıyır.
Makron “Le Figaro” qəzetinə açıqlamasında bildirib ki, yanvar ayına qədər maliyyə bazarlarında qeyri-sabitlik davam edərsə, 2011-ci ildə irəli sürülmüş oxşar təşəbbüsün yenidən nəzərdən keçirilməsi mümkündür. Belə qayda hökumətin büdcə siyasətində müəyyən etdiyi maliyyə hədəflərinə əməl etməsini təmin etməli və Konstitusiya Şurasının nəzarəti altında həyata keçirilməlidir.
2011-ci ildə François Fillon hökuməti tərəfindən hazırlanmış layihə dövlət gəlir və xərclərinin üçillik istiqamətini müəyyənləşdirərək, maliyyə balansının bərpasını nəzərdə tuturdu. Sənəd Milli Assambleya və Senatda qəbul edilsə də, konstitusiya dəyişiklikləri prosesi tamamlanmadığından qüvvəyə minməmişdi.
Yeni təşəbbüsün qəbul edilməsi üçün parlamentin hər iki palatasının Konqresdə birləşərək, səslərin beşdə üçü ilə qərar verməsi tələb olunur. Milli Birlik (RN), Eduar Filip və Qabriel Attal bu ideyanı dəstəkləyirlər. Sol siyasi qüvvələr isə təşəbbüsə müsbət yanaşmırlar.
Maliyyə bazarlarına etimad siqnalı vermək və Fransanın borclanma xərclərini azaltmaq məqsədi daşıyan bu təklif ölkədə büdcə siyasəti ilə bağlı siyasi müzakirələri yenidən gündəmə gətirib.
