Qlobal bazarlarda narahatlıq davam edir

A- A A+

ABŞ-nin səhm fyuçersləri texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan kəskin satışlardan sonra yeni həftəyə yüksəlişlə başlasa da, Asiya fond bazarlarında satış təzyiqi davam edib.

NUHÇIXAN  xəbər verir ki, cümə günü süni intellekt şirkətlərinin səhmlərində qeydə alınan kəskin ucuzlaşmadan sonra investorların yenidən alışlara başlaması ABŞ-nin səhm fyuçerslərinin bahalaşmasına səbəb olub. Təhlükəsiz aktivlərə tələbin azalması fonunda isə ABŞ dövlət istiqrazlarının fyuçersləri ucuzlaşıb, Yapon yeninin məzənnəsi zəifləyib.

Asiya ticarətində “S&P 500” fyuçersləri 1,9 faiz, “Nasdaq 100” fyuçersləri isə 2,3 faiz yüksəlib. Asiya bazarlarında isə ehtiyatlı mövqe qorunub. “MSCI Asia Pacific” indeksi 1,1 faiz geriləyib, Cənubi Koreyanın “Kospi” indeksi 5 faizdən çox ucuzlaşıb. “MSCI Emerging Markets” indeksi isə ilin əvvəlindən bəri əldə etdiyi artımı itirmək təhlükəsi ilə üzləşib.

ABŞ səhmlərindəki satışlar zamanı təhlükəsiz aktivlərə tələbin artması nəticəsində ötən cümə günü 0,7 faiz bahalaşan Yapon yeni sonradan 0,2 faiz ucuzlaşıb. ABŞ dollarının yen qarşısında məzənnəsi 158,92 səviyyəsində qərarlaşıb.

İnvestorlar “Wall Street”in qorxu indeksi kimi tanınan VIX-in ötən cümə günü 2025-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə yüksəlməsindən sonra bazarlarda dəyişkənliyin davam edəcəyini gözləyirlər.

İlin əvvəlində maliyyə bazarlarında nikbinliyi gücləndirən süni intellektlə bağlı müsbət gözləntilər noyabr ayında yerini narahatlıqlara verib. Buna ABŞ-də keçirilən aralıq seçkilər, “Nvidia” şirkətində idarəetmə ilə bağlı böhran və FED-in inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrini daha da artıracağına dair gözləntilər təsir göstərib.

Ötən cümə günü “Nvidia” şirkətinin səhmləri 14 faiz, yarımkeçirici istehsalçılarını izləyən indeks isə 11 faiz ucuzlaşıb.

Analitiklər bildirirlər ki, investorlar xüsusilə süni intellekt məlumat mərkəzlərinə yönəldilən investisiyaların orta və uzunmüddətli perspektivindən getdikcə daha çox narahat olurlar. Şirkətlərin ilkin kütləvi səhm təkliflərindən (IPO) sonra süni intellekt sahəsində daha geniş investisiya ekosisteminin formalaşması investorların kapitalı sektorun müxtəlif istiqamətləri üzrə bölüşdürməsi üçün əlavə imkanlar yaradır.

Əmtəə bazarlarında da azalma müşahidə olunub. Süni intellekt sektorundan qaynaqlanan tələblə bağlı şübhələr fonunda misin London Metal Birjasında bir tonunun qiyməti 12 min dollardan aşağı düşüb. “Brent” markalı neft də ucuzlaşıb.

Qızıl isə FED-in yaxın müddətdə faiz dərəcələrini artıracağına dair gözləntilərin zəifləməsi nəticəsində son 8 ayın ən kəskin həftəlik enişindən sonra mövqelərini bərpa edib. Qiymətli metalın bir troya unsiyasının qiyməti təxminən 2 faiz artaraq 3600 dollar ətrafında qərarlaşıb.

“Bitcoin” həftəsonu əldə etdiyi bahalaşmanın bir hissəsini itirərək 61 min dollar ətrafında ticarət olunub. “Bloomberg Dollar Index” isə 0,1 faiz azalaraq 1242 bəndə enib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: