Avropada havanın temperaturunun kəskin aşağı düşəcəyinə dair proqnozlar təbii qazın qiymətinin sürətlə artmasına səbəb olub. Soyuq hava ABŞ-İran müharibəsi nəticəsində ixracda yaranan fasilələr səbəbindən onsuz da çətin vəziyyətdə olan qaz ehtiyatlarına əlavə təzyiq göstərib.
NUHÇIXAN xəbər verir ki, Avropada təbii qazın etalon fyuçers qiymətləri 3,86 faizədək artaraq bir meqavat-saat üçün 91 avroya yüksəlib. Bu, son bir həftədən artıq müddətdə qeydə alınan ən böyük gündaxili artımdır. Beləliklə, bazarda qiymətlər ardıcıl üçüncü gündür bahalaşıb.
Avropa qış mövsümündə qaz tələbatının ən yüksək olduğu dövrə daxil olarkən, regiondakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi mövsümi orta göstəricidən xeyli aşağı olaraq qalır.
Həftəsonu ərəfəsində yayılan proqnozlarda qısamüddətli soyuq hava dalğasından sonra temperaturun normadan yüksək səviyyəyə qayıdacağı gözlənilirdi. Lakin meteoroloji modellərin son yenilənmiş məlumatları fərqli mənzərə ortaya qoyub. Belə ki, Şimal-Qərbi Avropada soyuq havanın dekabrın əvvəlinədək davam edəcəyi proqnozlaşdırılır.
“Atmospheric G2” şirkətinin məlumatlarına görə, bu həftə Şimal-Qərbi Avropada havanın temperaturu son 30 ilin orta göstəricisindən təxminən 3-5 dərəcə, dekabrın əvvəlində isə 8 dərəcəyədək aşağı ola bilər.
“MetDesk” şirkətinin proqnozlarına əsasən, bu həftənin əvvəlindən ortalarınadək Almaniya, Danimarka və Niderland ətrafında küləyin zəifləməsi riski də mövcuddur. Bu isə külək enerjisi istehsalına mənfi təsir göstərə bilər.
Bununla yanaşı, qlobal qaz təchizatı hələ də məhdud olaraq qalır. Avropanın boru kəmərləri vasitəsilə ən böyük qaz təchizatçısı olan Norveçdə bəzi istehsal müəssisələrində fasilələr davam edir ki, bu da qitəyə qaz axınını məhdudlaşdırır.
Son dövrlərdə Yaxın Şərqdə aşağı intensivlikli hərbi toqquşmaların güclənməsi regiondan qaz təchizatında yaranan fasilələrin yaxın vaxtlarda aradan qalxacağına dair gözləntiləri də zəiflədir. ABŞ Prezidenti Donald Tramp bazar günü açıqlamasında diplomatik danışıqlar nəticəsində razılıq əldə olunmayacağı təqdirdə, gələn il İrana qarşı müharibəni yenidən başlada biləcəyini bildirib.
Soyuq hava bu həftə Asiya ölkələrinə də təsir göstərir. Bu vəziyyət qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü uğrunda rəqabəti gücləndirə bilər. Proqnozlara görə, Yaponiya və Cənubi Koreyada, eləcə də Çinin şərq və cənub bölgələrində bu həftə temperatur normadan aşağı olacaq. Lakin həftənin ortalarından dekabrın əvvəlinədək havanın yenidən normadan isti olacağı gözlənilir.
Analitiklərin fikrincə, hava şəraiti ilə əlaqədar Avropada qaz tələbatı bir qədər artır, Cənub-Şərqi Asiyada isə spot bazarda alış tələbi sabit qalır. Geosiyasi risklərin hələ də bazara təsir göstərməsi qısamüddətli perspektivdə qiymətlərin yüksəlməsinə səbəb olub.
