Yaponiya ildə 2 milyon tonadək karbon qazı saxlamağı hədəfləyir

A- A A+

Yaponiya Tomakomai şəhərində həyata keçirilən karbon qazının tutulması və saxlanması (CCS) layihəsi çərçivəsində 300 min tonluq hədəfə çatdıqdan sonra 2030-cu ilədək regionda illik 1,5-2 milyon ton karbon qazı saxlamaq gücünə malik yeni kommersiya layihəsini reallaşdırmağı planlaşdırır.

NUHÇIXAN  xarici mediaya istinadla xəbər verir ki, bunu “Japan CCS” şirkətinin beynəlxalq əlaqələr üzrə baş direktoru və korporativ müşaviri Yoşihiro Savada deyib. O bildirib ki, ilk layihənin ən mühüm nəticəsi CCS texnologiyasının təhlükəsiz şəkildə tətbiqinin mümkünlüyünün sübuta yetirilməsi olub: “2008-ci ildə Yaponiyanın iri elektrik enerjisi, neft, mühəndislik və ağır sənaye şirkətlərinin tərəfdaşlığı əsasında yaradılmış özəl sektor konsorsiumu kimi fəaliyyət göstərən “Japan CCS” şirkətinin Tomakomai layihəsinin ilk mərhələsində 2019-cu ildə 300 min ton karbon qazının saxlanılması hədəfinə nail olunub”.

Yoşihiro Savada bu nəticənin texnologiyanın işləkliyinə və təhlükəsizliyinə inamı artırdığını vurğulayıb: “Yerli əhalinin layihəyə dəstəyini qazanmaq üçün monitorinq nəticələri də daxil olmaqla, müvafiq məlumatların ictimaiyyətlə paylaşılması vacibdir”.

O, əldə olunan uğurdan sonra regionda daha böyük həcmli, kommersiya miqyaslı yeni CCS layihəsinin planlaşdırıldığını bildirib: “Tomakomai şəhərində yeni kommersiya layihəsini 2030-cu ilədək fəaliyyətə başlamağa hazırlamağı hədəfləyirik”.

Yeni layihə çərçivəsində ildə 1,5-2 milyon ton karbon qazının saxlanılması nəzərdə tutulur. Hazırda kəşfiyyat qazma işləri davam edir. Növbəti mərhələdə isə yekun investisiya qərarının qəbul edilməsi imkanlarını müəyyənləşdirmək üçün əldə olunan məlumatlar qiymətləndiriləcək.

Şirkət rəsmisi layihənin Yaponiyanın milli yol xəritəsində müəyyənləşdirilmiş hədəflərə uyğun olduğunu diqqətə çatdırıb: “Məqsəd 2050-ci ilədək ildə 120-240 milyon metrik ton karbon qazı saxlamaqla istixana qazı emissiyalarının azaldılmasına töhfə verməkdir”.

Yoşihiro Savada CCS texnologiyasının kommersiyalaşdırılması üçün xərclərin azaldılmasının böyük əhəmiyyət daşıdığını bildirib: “Buna istehsal və əməliyyat miqyasının genişləndirilməsi, təcrübənin artırılması və texnoloji inkişafın sürətləndirilməsi hesabına nail olmaq mümkündür. Şirkətimiz ilk layihədən əldə etdiyi təcrübəni kommersiya layihələri ilə bölüşür. Bundan əlavə, Yaponiyada planlaşdırılan bir sıra CCS layihələrində karbon qazının gəmilərlə daşınması nəzərdə tutulur. Buna görə də şirkətimiz böyük həcmdə karbon qazının daşınmasına imkan verən gəmi nəqliyyatı texnologiyalarının inkişafı istiqamətində çalışır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: