COP31-də 36 məsələ ilə bağlı qərarlar qəbul edilib

A- A A+

Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) qalıq yanacaqlarla bağlı ümumi razılıq əldə olunmasa da, iqlim dəyişmələri ilə mübarizənin və aşağı karbonlu iqtisadiyyata keçidin üç əsas istiqaməti (İqlim maliyyəsi, uyğunlaşma və ədalətli keçid) üzrə 36 birgə qərar qəbul edilib.

NUHÇIXAN  xəbər verir ki, Paris Sazişinin "Uyğunlaşma üzrə Qlobal Məqsəd"inin icrasında ölkələrin əldə etdiyi irəliləyişləri ölçmək üçün formalaşdırılan “Belem Uyğunlaşma Göstəriciləri” üçün “Yol xəritəsi” qəbul olunub. Bu məqsədlə İşçi qrupunun yaradılması və “Belem Uyğunlaşma Göstəriciləri”nin ölkələr tərəfindən sınaqdan keçirilməsi üçün cədvəl müəyyən edilib.

Həmçinin ən az inkişaf etmiş ölkələr tərəfindən Milli Uyğunlaşma Planlarının həyata keçirilməsini asanlaşdıracaq tətbiq platforması yaradılıb.

Bununla yanaşı, iqlim maliyyəsi sahəsində Paris Sazişinin 9-cu maddəsinə əsasən qəbul olunan ikiillik Fəaliyyət Proqramının 2027-2028-ci illər üzrə maliyyələşməsi ilə bağlı icra qaydaları barədə razılıq əldə edilib. Beləliklə, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsini təmin etmək öhdəliklərinin yerinə yetirilməsi üçün konkret çərçivə formalaşıb.

İqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə dəstəyi göstərmək üçün yaradılan İtki və Zərər Fondu mexanizmi ilə bağlı irəliləyişlər təsdiq olunub. 119 inkişaf etməkdə olan ölkədən ümumilikdə 2,8 milyard dollar məbləğində 176 maliyyələşdirmə sorğusu alınıb.

COP31-in ən vacib nailiyyətlərindən biri ədalətli keçid sahəsində olub. Ədalətli keçid mexanizminin institusional çərçivəsini aydınlaşdırmaq və onu tədricən tətbiq etmək qərara alınıb. Ədalətli Keçid üzrə İş Proqramının müddəti üç il uzadılıb və Ədalətli keçid mexanizminin 2027-ci ildə fəaliyyətə başlaması üçün cədvəl müəyyən edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: