Rusiya Müdafiə Nazirliyi Liviya sahillərində bu ölkənin “Merkuri” korvetinə hücum məsələsi ilə məşğul olur. Hərbi nazirlik lazım bilsə, hadisə ilə bağlı məlumat verəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Əlbəttə ki, biz Zelenskinin bu məsələ ilə bağlı açıqlamasına diqqət yetirdik”, -deyə Kremlin sözçüsü bildirib.
Bu, Dmitri Peskovun Ukrayna Prezidenti Volodimir Zelenskinin Liviya sahillərində Rusiyanın “Merkuri” korvetinə hücumla bağlı açıqlamasına verdiyi şərh idi.
Bundan əlavə, Rusiya liderinin mətbuat katibi Baltik bölgəsində terror fəaliyyətinin genişlənməsindən narahatlığını bildirib.
“Baltik bölgəsində terror fəaliyyətinin genişlənməsi həqiqətən çox təhlükəli tendensiyadır. Biz bunu görürük. Bütün sahil ölkələri də bundan narahatdır. Bu, çox təhlükəlidir. Bu, əlbəttə ki, bölgədə gərginliyin artmasına səbəb olur”, -deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov, həmçinin Baltik bölgəsi ölkələrinin Baltik dənizində növbəti hücumların qarşısını almaq üçün Kiyevə təsirlərindən istifadə edəcəklərinə ümid etdiyini bildirib.
Xatırladaq ki, noyabrın 21-də Rusiyaya məxsus “Sparta II” quru yük gəmisi Finlandiya körfəzində, Rusiya sərhədindən üç dəniz mili məsafədə hücuma məruz qalıb. Gəmi Kalininqrada gedirdi.
