Fransadakı kütləvi iğtişaşlar nəticəsində sığorta şirkətlərinin ödəyəcəyi zərər 207 milyon avro olub

A- A A+

Fransada oktyabrın 17-18-də baş verən kütləvi iğtişaşlar nəticəsində sığorta şirkətlərinin ödəyəcəyi zərərin məbləği 207 milyon avro təşkil edib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “France Assureurs” sığorta şirkətlərinin peşəkar federasiyası məlumat yayıb.

Federasiyanın ilkin hesablamalarına əsasən, ümumilikdə 5280 sığorta hadisəsi qeydə alınıb. Zərərin böyük hissəsi sahibkarlara dəyib. Onların əmlakına vurulan ziyanın 198 milyon avro olduğu bildirilir ki, bu da ümumi məbləğin 95 faizini təşkil edir. Fiziki şəxslər üzrə 370 sığorta hadisəsi qeydə alınıb və 3,5 milyon avro zərər hesablanıb. Zədələnmiş və ya məhv edilmiş avtomobillərlə bağlı 860 hadisənin sığorta xərci isə 6 milyon avroya çatıb.

Zərərin miqyası 2005-ci ildə Fransada baş verən iğtişaşlarla müqayisə olunur. Həmin vaxt sığorta şirkətlərinin ödədiyi məbləğ 209 milyon avro olmuşdu, lakin hadisələr iki gün deyil, dörd həftə davam etmişdi. “France Assureurs” bu müqayisənin oktyabr hadisələrinin intensivliyini və miqyasını göstərdiyini vurğulayır.

Federasiyanın prezidenti Florans Lustman sığorta şirkətlərinin zərərçəkənlərə yardım göstərmək üçün operativ səfərbər olduğunu bildirib. İğtişaşlardan zərər çəkmiş sahibkarlar və fiziki şəxslər üçün kompensasiya prosesinin asanlaşdırılması istiqamətində də tədbirlər görülüb.

Bəs bu xərclər sığorta haqlarının artmasına səbəb olacaqmı? Məsələ birmənalı deyil. İğtişaşlarla bağlı xüsusi vergi tətbiq edilməsi layihəsi nəzərdən keçirilir, lakin bu təşəbbüs artıq 2026-cı il büdcəsində nəzərdə tutulub. Layihə ilə bağlı Dövlət Şurasının qərarı gözlənilir.

İlkin olaraq sığorta haqlarına 5 faizlik əlavə ödəniş tətbiqi nəzərdə tutulsa da, son variantda bu göstəricinin 0,8 faiz olacağı bildirilir. Beləliklə, iğtişaşların yaratdığı maliyyə yükünün sığorta sistemində necə bölüşdürüləcəyi yaxın vaxtlarda müəyyənləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: