Bazar ertəsi səhər saatlarında Danimarka və Almaniyada bir çox məktəbə partlayıcı qurğuların işə salınacağı ilə bağlı təhdidlər olan elektron məktublar göndərilib.
NUHÇIXAN xəbər verir ki, hər iki ölkənin polisi daxil olan məlumatların yalan olduğunu ehtimal edir.
Danimarkanın Kopenhagen, Şimali Zelandiya, Fyun adaları və digər bölgələrindəki təhsil müəssisələrinə təhdidlər göndərilib. Polis şagirdlərin və əməkdaşların təhlükəsizliyini və sakitliyini təmin etmək məqsədilə bir sıra məktəblərə patrul qrupları göndərib.
Almaniyanın məktəblərinə də oxşar məzmunlu məktublar daxil olub. Təkcə Baden-Vürtemberq federal torpağında 450 təhsil müəssisəsi bu cür təhdidlər alıb. Turingiyadakı məktəblərə də məktublar göndərilib. Frayburq polisinin məlumatına görə, məktubların mövzu hissəsində “Səni ölüm gözləyir” ifadəsi yer alıb. Hüquq-mühafizə orqanları məktubları göndərən şəxsi müəyyənləşdirməyə çalışırlar.
Polisin ilkin qiymətləndirməsinə görə, təhdidlər real təhlükə yaratmır.
Noyabrın əvvəlində İtaliya, Şimali İrlandiya və Şotlandiyada 7 mindən çox məktəbə də oxşar məzmunlu məktublar daxil olub. Təhdidlərin yalan olduğu müəyyən edilsə də, İtaliya və Şimali İrlandiyada bir sıra təhsil müəssisələrində təxliyə tədbirləri həyata keçirilib.
