Zelenski təhlükəsizlik zəmanətləri barədə: Ukraynanı NATO-ya qəbul etmək daha asan olardı

A- A A+

Rusiyanın yeni hücumu baş verəcəyi təqdirdə Ukraynanı kimin və necə müdafiə edəcəyi ilə bağlı hələ ki, konkret cavablar yoxdur. NATO-ya üzvlük belə təhlükəsizlik zəmanətlərinə alternativ ola bilərdi.

Bu barədə NUHÇIXAN  Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.

O, Berlində NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı Alyansın 5-ci maddəsində nəzərdə tutulan təminatlara bənzər ayrıca təhlükəsizlik zəmanətlərinin Ukraynaya verilməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.

Prezident qeyd edib ki, tərəfdaşlar mürəkkəb mexanizm axtarmaq əvəzinə, Ukraynanı birbaşa NATO-ya qəbul edə bilərdilər.

“5-ci maddəyə bənzər zəmanətlərdən danışarkən bir neçə konkret suala cavab almalıyıq. Rusiya yenidən hücum edərsə, hansı ölkələr Ukraynanı dəstəkləyəcək və tərəfdaşlarımız buna cavab olaraq konkret olaraq nə edəcəklər? Hansı qoşunlar əvvəlcədən ərazimizdə yerləşdiriləcək? Bütün bunlar hansı məbləğə başa gələcək və bu, nə dərəcədə realdır?” – deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, bu suallara hələ də konkret cavablar yoxdur. Buna görə də Alyansa tamhüquqlu üzvlüyün alternativini axtarmaq əvəzinə, Ukraynaya NATO-ya üzv olmaq imkanı verilməlidir.

Prezident, həmçinin müttəfiqləri öz ölkələrinin təhlükəsizliyinə və dayanıqlığına investisiya yatırmağa çağırıb. O, Rusiyanın zaman keçdikcə siyasətini dəyişərək yenidən sülhsevər dövlətə çevriləcəyinə dair ümidləri şübhə altına alıb: “Sadəcə, Rusiyanın son 100 illik tarixinə nəzər salın. Bir ildən və ya beş ildən sonra Rusiyanın başqa bir ölkəyə çevriləcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Buna görə də elə hərəkət etməliyik ki, hansı Rusiya ilə üzləşəcəyimizdən və ölkələrimizin hansı təhdidlərlə qarşılaşacağından asılı olmayaraq, özümüzü müdafiə etmək üçün həmişə kifayət qədər resursumuz olsun”.

V.Zelenski, həmçinin qış ərəfəsində tərəfdaşları Ukraynaya yardım göstərməyə, xüsusilə də əlavə hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: