Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma” ölkənin Silahlı Qüvvələrinin (TSK) inventarına daxil edilib. Dünyada bu addımı atan ilk ölkə olduq. Bu qüruru xalqımıza yaşadan hər kəsi ürəkdən təbrik edirəm.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən hökumət iclasından sonra təşkil olunan brifinqdə söyləyib.
Türkiyə liderinin sözlərinə görə, bunlar yalnız başlanğıcdır. “Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik. Bu sahədə tam müstəqil dövlətə çevrilənə qədər yorulmadan işləməyə davam edəcəyik”, - deyən Prezident Ərdoğan Türkiyənin əldə etdiyi nailiyyətlərin sabitlik və etimad mühitinə əsaslandığını vurğulayıb.
Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) yekunlarını şərh edən ölkə başçısı tədbirin Türkiyədə indiyədək təşkil olunmuş ən böyük tədbir olduğunu və bütün iştirakçıların rəğbətini qazandığını bildirib.
İqlim sammitində 46 qərarın yekdilliklə qəbul edildiyini xatırladan Türkiyə Prezidenti COP31 ilə bir milyondan çox ziyarətçinin tanış olduğunu bildirib. “102 liderin və 300-dən çox nazirin iştirak etdiyi sammit qlobal miqyasda əhəmiyyətli təsirə malik olub”, - deyən dövlət başçısı tədbirin 3,6 mindən çox media nümayəndəsi tərəfindən işıqlandırıldığını qeyd edib. O, COP31-in gələcək danışıqlar üçün çox dəyərli zəmin yaratdığını vurğulayıb.
