Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək növbəti astronavtlar qrupu - “Şencou-24” (Shenzhou-24) missiyasının üzvləri məlum olub.
NUHÇIXAN Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-24” missiyasına astronavtlar Tan Honbo və U İ ilə yanaşı, pakistanlı Muhammad Zişan Əli də var. Muhammad Zişan Əli Çinin kosmik stansiyasında fəaliyyətə göstərəcək ilk əcnəbi astronavt olacaq.
Noyabrın 24-də astronavtlar ictimaiyyətə təqdim olunub. Tan Honbo artıq 2 dəfə kosmosda olub. O, ölkəsinin kosmik stansiyasına 3-cü dəfə yola düşəcək. Bundan əvvəl “Şencou-12” və “Şencou-17” missiyalarında iştirak edib.
“Şencou-24” kosmik gəmisinin noyabrın 25-də səhər saatlarında kosmosa yola salınması nəzərdə tutulub. Onlar kosmik stansiyada təxminən 6 ay fəaliyyət göstərən “Şencou-23”ün astronavtlarını əvəzləyəcəklər.
Qeyd edək ki, Pakistan və Çin arasında 2025-ci ilin fevralında imzalanmış əməkdaşlıq razılaşmasına əsasən, 2 pakistanlı namizəd Çində hazırlıq keçib. Onlardan biri Muhammad Zişan Əli Çinin “Tienqon” kosmik stansiyasında elmi təcrübələr aparan faydalı yük mütəxəssisi kimi fəaliyyət göstərəcək. Bu missiya Pakistan üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, missiya uğurlu olarsa, tarixdə ilk dəfə Pakistan vətəndaşı kosmik gəmi ilə orbitə göndərilmiş olacaq. Bu, həm də Çinin kosmik proqramının beynəlxalq əməkdaşlığa açılması baxımından mühüm hadisədir.
Xatırladaq ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan, “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tienqon” Çinin kosmos sahəsində ABŞ və Rusiyadan sonra müstəqil insanlı kosmik stansiya idarə edən ölkə kimi mövqeyini möhkəmləndirib. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub. Astronavtları stansiyaya “Şencou”, ərzaq, su, yanacaq, avadanlıq və elmi təcrübə materiallarını isə “Tiencou” kosmik gəmiləri stansiyaya çatdırır. Astronavtlar, adətən, stansiyada təxminən 6ı ay fəaliyyət göstərirlər.
Çinin bu il açıqlanan kosmik stansiyasının genişləndirilməsi planına təxminən 20 tonluq yeni modulun əlavə edilməsi, stansiyanın “T” formasından xaç formasına keçirilməsi, laboratoriya və elmi tədqiqat imkanlarının artırılması, gələcəkdə 6 modullu konfiqurasiyaya keçid, “Suntien” adlı kosmik teleskopun 2027-ci ildə buraxılması, uzunmüddətli perspektivdə isə stansiyanın kütləsinin təxminən 180 tona çatdırılması daxildir.
