Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində müxtəlif sahələr üzrə ümumi dəyəri 26 milyard dollardan çox olan sazişlərin imzalandığını bildirib.
NUHÇIXAN xəbər verir ki, Murat Kurum tədbirdə 196 ölkədən nümayəndələrin, 1 milyondan çox ziyarətçinin, 102 dövlət və hökumət başçısının, eləcə də 300-dən artıq nazirin iştirak etdiyini deyib.
Onun sözlərinə görə, konfrans Türkiyəyə mühüm iqtisadi töhfə verib.
Nazir vurğulayıb ki, Türkiyə COP31-ə sədrliyi dövründə milli maraqları və iqlim böhranından daha çox zərər çəkən ölkələrin ehtiyaclarını əsas götürüb.
Sədr ölkə kimi əsas məqsədlərindən birinin müxtəlif mövqelərə malik dövlətləri bir araya gətirmək və ortaq qərarların qəbuluna şərait yaratmaq olduğunu vurğulayan Murat Kurum bildirib ki, diplomatik təmaslarda eyni platformada görüşmək istəməyən ölkələr arasında belə dialoqun qurulmasına nail olunub.
O, bu yanaşmanın beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Nazir konfrans çərçivəsində elektrikləşmənin 35 faizə çatdırılması istiqamətində hədəf, iqliməuyğunlaşma maliyyələşməsinin üç dəfə artırılması, karbonun tutulması texnologiyalarının 1,5 dərəcə hədəfinə uyğun inkişafı və metan emissiyalarının azaldılması ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib.
Murat Kurum fosil yanacaqlardan mərhələli imtina ilə bağlı yaranan fikir ayrılıqlarının bəzi qərarların qəbuluna mane olduğunu diqqətə çatdırıb. O, iqlim dəyişmələri ilə mübarizədə qlobal əməkdaşlığın və bütün ölkələrin maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Nazir Türkiyənin COP31 sədrliyini müstəqil və şəffaf həyata keçirdiyini, heç bir ölkənin bu prosesə müdaxilə edə bilməyəcəyini də diqqətə çatdırıb.
