Fransa Prezidenti Emmanuel Makronun büdcə intizamı ilə bağlı “qızıl qayda”nı Konstitusiyaya daxil etmək təşəbbüsü siyasi mübahisələrə səbəb olub. Avropa Parlamentinin deputatı, Respublikaçılar (LR) partiyasının üzvü Fransua-Kavye Bellami bu təklifi sərt tənqid edərək Makronun əvvəlcə dövlət büdcəsini tükəndirdiyini, indi isə ona “qıfıl vurmaq” istədiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, “Cnews” və “Europe 1” telekanallarının birgə efirində çıxış edən Bellami Makronun təşəbbüsünü qeyri-səmimi adlandırıb. O, 2011-ci ildə Fransua Fiyonun irəli sürdüyü büdcə qaydasını xatırladaraq, Fransanın dövlət borcunun həmin vaxt 1,8 trilyon avro olduğu halda, hazırda 3,5 trilyon avronu keçdiyini vurğulayıb. Deputatın sözlərinə görə, indi gəlir vergisinin bütövlükdə borcun faizlərinin ödənilməsinə yönəldilməsi ölkənin maliyyə vəziyyətinin ağırlığını göstərir.
Deputat bildirib ki, büdcə intizamı prinsipi artıq mövcuddur və Fransa Avropa tərəfdaşları qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir. Onun sözlərinə görə, ölkə 2019-cu ildən bəri büdcə kəsirinin 3 faiz həddini qoruyub saxlaya bilməyib.
Makronun təşəbbüsü sağçı mərkəz və sağçı siyasi qüvvələr tərəfindən dəstəklənir. Respublikaçılar, “Milli Birlik” (RN), “Horizons” və “Renaissance” partiyalarının nümayəndələri büdcə intizamının Konstitusiyada təsbit edilməsinə müsbət yanaşırlar. Sol qüvvələr isə bu təşəbbüsə qarşı çıxır. Onlar hesab edirlər ki, belə bir konstitusion məhdudiyyət gələcək hökumətlərin iqtisadi siyasət seçimlərini ciddi şəkildə daralda bilər.
