Koreya Respublikasının Müdafiə Nazirliyi Rusiyanın hərbi, hava və dəniz attaşesi Nikolay Marçenkonu çağıraraq Seul tərəfindən birtərəfli şəkildə yaradılmış sözdə KADIZ (Hava Hücumundan Müdafiənin İdentifikasiya Zonası) daxilində Rusiya təyyarələrinin uçuşuna etirazını bildirib.
NUHÇIXAN xəbər verir ki, məlumata görə, noyabrın 24-də Rusiyaya məxsus bir neçə təyyarə əvvəlcədən xəbərdarlıq etmədən KADIZ-ə daxil olub və Ulleungdo adası üzərindəki hava məkanına yaxın uçub. Buna cavab olaraq, Müdafiə Nazirliyinin Beynəlxalq siyasət departamentinin rəhbəri Kim Hak Ço Rusiyanın Koreya Respublikasındakı hərbi attaşesi polkovnik Nikolay Marçenkonu çağırıb və etirazını bildirib, habelə ona təkrarlanan hadisənin qarşısını almaq çağırışı edib”, - deyə TASS Koreya Respublikası Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş açıqlamaya istinadla yazıb.
Nazirliyin məlumatına görə, KADIZ-də xəbərdarlıq edilməmiş hərbi uçuşlar Koreya yarımadasında lazımsız gərginliyin artmasına səbəb ola bilər. Seul əlavə edib: “Silahlı qüvvələrimiz qonşu dövlətlərin KADIZ-dəki hava məkanlarını qorumaq üçün fəaliyyətlərinə cavab olaraq aktiv tədbirlər görəcək”. Koreya Respublikasının Müdafiə Nazirliyi Rusiya nümayəndələrini sonuncu dəfə 2025-ci ilin mart ayında etirazını bildirmək üçün dəvət edib.
RF Müdafiə Nazirliyi dəfələrlə vurğulayıb ki, Rusiyanın bütün hərbi uçuşları beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir.
Seulun məlumatına görə, noyabrın 24-də Rusiyaya məxsus bir neçə hərbi təyyarə Ulleungdo adası yaxınlığındakı Yapon dənizində KADIZ-ə qısa müddətə daxil olub. Yerli hakimiyyət orqanları həyəcan təbili çalıb və Koreya Respublikası Silahlı Qüvvələri təyyarələrini havaya qaldırıb. Lakin Koreya Respublikası ordusunun qərargah rəisləri Komitəsi bildirib ki, hava məkanının pozulması halı qeydə alınmayıb.
