Huangın “Nvidia”ya qayıdışı süni intellekt səhmlərinə marağı yenidən artırıb, Asiya üzrə bahalaşma qeydə alınıb
Bu gün Asiya fond bazarlarında kəskin bahalaşma qeydə alınıb.
NUHÇIXAN “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-ın “Wall Street” birjasında müşahidə olunan nəzərəçarpan qiymət artımı, eləcə də Censen Huangın “Nvidia” şirkətinin baş direktoru vəzifəsinə qayıtması investorların süni intellekt sektoruna marağını yenidən artırıb. Nəticədə regionun aparıcı fond indeksləri yüksəlib, texnologiya şirkətlərinin səhmlərində ciddi artım müşahidə olunub.
Tayvanın fond bazarı indeksi son səkkiz ayın minimumundan 9 faiz yüksəlib. “Nvidia”nın əsas müqaviləli çip istehsalçısı TSMC və çiplərin yığılması ilə məşğul olan “Foxconn”un səhmləri isə gündəlik ticarət limitinə çataraq, hər biri təxminən 10 faiz bahalaşıb.
Yaponiyadan başqa Asiya-Sakit okean regionunun səhmlərini əhatə edən MSCI indeksi 4 faiz artaraq son səkkiz ayın minimumundan yüksəlib. Bu göstərici ilə iyulun 31-dən bəri ən böyük birgünlük artımını qeydə alınacağı gözlənilir.
Yerli bayramdan sonra ticarətə qayıdan investorların aktivliyi fonunda Yaponiyanın Nikkei indeksi 5 faizədək yüksəlib. Cənubi Koreyanın KOSPI indeksi isə 7 faizdən çox artıb.
Lakin günün sonrakı saatlarında bazarlardakı nikbinliyin zəifləyəcəyi ehtimal olunur. Belə ki, Avropa üzrə “Euro Stoxx 50” fyuçersləri dəyişməz qaldığı halda, FTSE fyuçersləri cəmi 0,2 faiz yüksəlib. S&P 500 və Nasdaq fyuçersləri isə hər biri 0,25 faiz artıb.
Huangın geri qayıtması bazarlarda və süni intellekt ekosistemində ciddi dalğalanmalara səbəb olan hadisələrlə zəngin bir həftənin yekunu olub. Bu sektor çiplərin tədarükündən tutmuş sənayenin genişmiqyaslı inkişafının maliyyələşdirilməsinədək bir çox istiqamətdə “Nvidia”dan asılıdır.
Ötən gün “Nvidia”nın səhmləri 31,5 faiz bahalaşıb. Bu, şirkətin son 23 ildə ən böyük birgünlük faiz artımı olub və onun bazar dəyərini təxminən 1 trilyon dollar artırıb. Süni intellekt sənayesində fəaliyyət göstərən digər şirkətlərin səhmləri də kəskin yüksəlib. İri texnologiya şirkətlərinin səhmlərini birləşdirən Nasdaq 100 indeksi 6 faizdən çox bahalaşıb.
Çin səhmləri isə bu bahalaşmadan kənarda qalıb və ABŞ çiplərinin ixracına daha sərt məhdudiyyətlərin tətbiq oluna biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən cüzi dəyişiklik göstərib. Ölkənin iri şirkətlərinin səhmlərini əhatə edən CSI 300 indeksi 0,4 faiz artıb, Honkonq fond bazarının indeksi isə 0,5 faiz geriləyib.
