Avropada elektromobil və hibrid avtomobillərə tələbat artıb - Hesabat - FOTOLAR

A- A A+

Cari ilin yanvar-oktyabr aylarında Avropa İttifaqında (Aİ) yeni minik avtomobillərinin qeydiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artıb. Artım əsasən elektromobillərə, o cümlədən hibrid modellərə tələbatın artması hesabına baş verib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) yeni hesabatında qeyd olunub.

Hesabata əsasən, hibrid avtomobillər istehlakçılar arasında ən populyar seçim olaraq qalıb. Elektromobillərin Aİ bazarındakı payı 23,4 faiz, “plug-in” hibrid avtomobillərin payı isə 10,2 faiz təşkil edib.

Məlumata görə, oktyabr ayına olan göstəricilərə əsasən, elektromobillərin bazar payı ötən ilin eyni dövründəki 16,4 faizdən 23,4 faizə yüksəlib. Hibrid avtomobillər bazarın 36 faizini əhatə etməklə ən çox seçilən növ olub. Benzin və dizel mühərrikli avtomobillərin ümumi bazar payı isə bir il əvvəlki 36,5 faizdən 27,7 faizə enib.

Bu ilin ilk 10 ayında Aİ-də 2 milyon 211 min 71 ədəd yeni elektromobil qeydiyyata alınıb. Bu avtomobillər ümumi bazarın 23,4 faizini təşkil edərək populyarlıq baxımından ikinci yerdə qərarlaşıb.

Elektromobil qeydiyyatının 65 faizini təşkil edən dörd ən böyük bazardan üçündə ikirəqəmli artım qeydə alınıb. Belə ki, Fransada qeydiyyat 79,4 faiz, Almaniyada 60,7 faiz, Danimarkada 41 faiz artıb. Belçikada isə artım 16,7 faiz təşkil edib.

“Plug-in” hibrid avtomobillərinin qeydiyyatı da artaraq yanvar-oktyabr aylarında 961 min 959 ədədə çatıb. Ən yüksək artım İtaliyada (73,1 faiz), İspaniyada (32,3 faiz) və Almaniyada (11 faiz) qeydə alınıb. Nəticədə bu avtomobillərin Aİ bazarındakı payı 2025-ci ilin eyni dövründəki 9,2 faizdən 10,2 faizə yüksəlib.

Hesabat dövründə yeni hibrid avtomobillərinin qeydiyyatı 3 milyon 407 min 62 ədədə çatıb. Artım əsasən İtaliya (20 faiz) və İspaniya (18,7 faiz) bazarlarının hesabına təmin olunub. Almaniyada 3,9 faizlik artım qeydə alındığı halda, Fransada göstərici, demək olar ki, dəyişməyib (0,1 faiz azalma). Ümumilikdə, hibrid avtomobillər Aİ-də yeni avtomobil qeydiyyatının 36 faizini təşkil edib.

Ənənəvi mühərrik sistemlərinə malik avtomobillərə tələbat azalmağa davam edib. Bu ilin yanvar-oktyabr aylarında benzin mühərrikli avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalıb. Dörd əsas Aİ bazarının hamısında geriləmə qeydə alınıb.

Ən kəskin azalma Fransada müşahidə olunub. Bu ölkədə benzin mühərrikli avtomobillərin qeydiyyatı 36,9 faiz azalıb. Almaniyada azalma 24,5 faiz, İspaniyada 19,3 faiz, İtaliyada isə 16,6 faiz təşkil edib.

Hesabat dövründə, ümumilikdə 1 milyon 962 min 607 ədəd benzin mühərrikli avtomobil qeydiyyata alınıb. Bu avtomobillərin bazar payı 27,4 faizdən 20,8 faizə düşüb.

Dizel mühərrikli avtomobillərin qeydiyyatı da 20,6 faiz azalıb. Nəticədə onların Aİ avtomobil bazarındakı payı ötən ilin eyni dövründəki 9,2 faizdən 6,9 faizə enib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: