ABŞ-də istehlakçı inamı son 22 ayın ən yüksək səviyyəsinə çatıb

A- A A+

ABŞ-də iqtisadiyyata və əmək bazarına dair nikbin gözləntilərin güclənməsi fonunda istehlakçı inamı noyabr ayında son 22 ayın ən yüksək səviyyəsinə çatıb.

NUHÇIXAN xəbər verir ki, “Conference Board” təşkilatının istehlakçı inamı indeksi noyabrda əvvəlki ayla müqayisədə 11,4 bənd artaraq 103,3 bəndə çatıb. Bu, 2025-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək göstəricidir. İndeks iqtisadçıların bütün proqnozlarını üstələyib.

Cari vəziyyət indeksi 13,7 bənd yüksələrək ötən ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. Növbəti 6 aya dair gözləntiləri əks etdirən indeks isə 2024-cü ilin sonundan bəri ən yüksək göstəricisini qeydə alıb.

Bildirilir ki, əmək bazarında ümumilikdə sabit vəziyyətin qorunması və son həftələrdə benzinin qiymətinin azalması noyabrda istehlakçı inamının yüksəlməsinə müsbət təsir göstərib.

İnam indeksi bütün yaş qrupları üzrə artıb. Ən yüksək yüksəliş isə gəlirləri yüksək olan ev təsərrüfatlarında müşahidə edilib. Son aralıq seçkilərdə Demokratlar Partiyasının mühüm qələbələr qazanmasından sonra demokratlar və müstəqil seçicilər arasında da istehlakçı inamında nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb.

Ekspertlər bildirirlər ki, aralıq seçkilərdən sonra qeyri-müəyyənliyin azalması noyabrda istehlakçı inamının yenidən yüksəlməsinə səbəb olmuş ola bilər. İstehlakçılar yüksək qiymətlərdən və artan xərclərdən narazılıqlarını davam etdirsələr də, onların bəzi şərhlərində ümumi iqtisadi vəziyyətə dair nikbinlik ifadə olunur.

Xatırladaq ki, aralıq seçkilər ərəfəsində ərzaq və enerji xərclərinin ev təsərrüfatlarının büdcəsinə təzyiqi səbəbindən ABŞ-də istehlakçı inamı sentyabr ayında son 10 ildən artıq müddətin ən aşağı səviyyəsinə enmişdi.

Son hesabat cari əmək bazarının vəziyyətini müsbət qiymətləndirən, eləcə də qarşıdakı aylarda vəziyyətin daha da yaxşılaşacağını gözləyən istehlakçıların sayının artdığını göstərir. Amerikalıların əmək bazarının həm hazırkı vəziyyəti, həm də gələcək perspektivləri ilə bağlı qiymətləndirmələri də yaxşılaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: