Avrokomissiya 13 ölkəyə büdcə intizamı ilə bağlı xəbərdarlıq edib

A- A A+

Avropa Komissiyası 11 üzv ölkədən büdcə siyasətlərini maliyyə qaydalarına uyğunlaşdırmağı tələb edib. Bolqarıstan və Macarıstana qarşı isə həddindən artıq büdcə kəsiri prosedurunun növbəti mərhələyə keçirilməsini təklif edib. Avropa Şurası bu təklifi təsdiqləyəcəyi təqdirdə, həmin iki ölkəyə ayrılan Avropa İttifaqı (Aİ) fondlarının dayandırılması prosesi başlana bilər.

NUHÇIXAN xəbər verir ki, Avropa Komissiyası 13 üzv ölkədə büdcə intizamı ilə bağlı problemlər müəyyən edib. Komissiya maliyyə qaydalarına əməl etməyən Bolqarıstan və Macarıstana qarşı sanksiya prosedurunun başlanmasına zəmin yarada biləcək addımların atılmasını təklif edib.

Üzv ölkələrin iqtisadi, büdcə, məşğulluq və sosial siyasətlərinin qiymətləndirildiyi 2027-ci il üzrə Avropa Semestrinin Payız Paketi ictimaiyyətə təqdim olunub. Sənəddə Avropa iqtisadiyyatının müxtəlif şoklara qarşı dayanıqlılığını qoruduğu, lakin qlobal iqtisadi və texnoloji dəyişikliklərə uyğunlaşmaqda kifayət qədər uğur qazana bilmədiyi bildirilib.

Yaxın Şərqdəki münaqişələrin, enerji qiymətlərinin və maliyyələşdirmə xərclərinin artmasının Avropa iqtisadiyyatına təzyiq göstərdiyi qeyd olunub. İnflyasiya təzyiqlərinin məhdudlaşdırılması məqsədilə 2027-ci ildə avrozonada sərt büdcə siyasətinin həyata keçirilməsi tövsiyə edilib. Üzv ölkələrə investisiyaların və innovasiyaların dəstəklənməsi, süni intellektdən istifadənin genişləndirilməsi, Aİ-nin vahid bazarının gücləndirilməsi və dövlət xərclərinin səmərəliliyinin artırılması çağırışı edilib.

Sənəddə Almaniya, Çexiya, Finlandiya və Rumıniyanın xalis dövlət xərclərinin artım tempi ilə bağlı Aİ qaydalarına əməl etməmək riski daşıdığı bildirilib. Xorvatiya, Lüksemburq, Malta, Niderland, Sloveniya, İspaniya və Litvanın isə həmin qaydalara ciddi şəkildə əməl etməmək riski ilə üzləşdiyi qeyd olunub.

Komissiya bu 11 ölkədən 2027-ci il üzrə büdcə siyasətlərini Aİ qaydalarına uyğunlaşdırmaq üçün müvafiq tədbirlər görməyi tələb edib. Bolqarıstan və Macarıstanın həddindən artıq büdcə kəsirlərini azaltmaq istiqamətində kifayət qədər addım atmadığı müəyyən edilib. Komissiya hər iki ölkəyə qarşı həddindən artıq büdcə kəsiri prosedurunun növbəti mərhələyə keçirilməsini tövsiyə edib.

Avropa Şurası bu təklifi təsdiqləyəcəyi təqdirdə, həmin ölkələrə ayrılan ittifaq fondlarının dayandırılması ilə bağlı proses başlana bilər. Almaniya və Litvanın büdcə kəsirləri ümumi daxili məhsulun (ÜDM) 3 faizini keçsə də, hələlik bu ölkələrə qarşı həddindən artıq büdcə kəsiri prosedurunun başlanmasına ehtiyac olmadığı qənaətinə gəlinib.

Sənəddə müdafiə və enerji təhlükəsizliyi xərclərinin artırılması zərurətinin üzv ölkələrin dövlət maliyyəsi qarşısında çətinliklər yaratdığı vurğulanıb. Müdafiə xərclərini artırmaq imkanlarının genişləndirilməsi məqsədilə Aİ-nin 19 üzv ölkəsinə büdcə qaydaları çərçivəsində müvəqqəti çeviklik verildiyi bildirilib. Proqnozlara görə, Aİ üzrə müdafiə xərcləri 2021-ci ildə ÜDM-in 1,3 faizini təşkil etdiyi halda, bu il 1,9 faizə, 2027-ci ildə 2,1 faizə, 2028-ci ildə isə 2,2 faizə yüksələcək.

Aİ ölkələrinin əksəriyyətində dövlət borcunun artdığı, mənzil qiymətlərinin sürətlə yüksəlməkdə davam etdiyi və enerji xərclərinin rəqabət qabiliyyətini zəiflətdiyi bildirilib. İqtisadi disbalans riskləri ilə əlaqədar Bolqarıstan, İtaliya, Macarıstan, Slovakiya və Rumıniyanın iqtisadiyyatının ətraflı təhlil ediləcəyi qeyd olunub. İtaliyanın 2026-cı il üzrə yekun büdcə göstəricilərinin gözləntiləri doğrultması halında, ölkəyə qarşı tətbiq edilən həddindən artıq büdcə kəsiri prosedurunun gələn il başa çatdırıla biləcəyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: