Fransada polis akademiyasında irqçi mesajlarla bağlı istintaq başladılıb

A- A A+

Fransanın Sena və Marna departamentində yerləşən Kann-Eklüz polis ali məktəbinin kursantları arasında irqçi mesajların paylaşılması ilə bağlı Fontenblo prokurorluğu istintaq başladıb. Daxili işlər naziri Loran Nünez hadisəni pisləyərək bir kursantın təhsil prosesindən kənarlaşdırıldığını, digərinin isə intizam proseduruna cəlb edildiyini bildirib.

NUHÇIXAN xəbər verir ki, nazirin sözlərinə görə, məktəbin rəhbərliyi tərəfindən aparılan inzibati araşdırma çərçivəsində təxminən 30 kursant dindirilib və hadisədə əsas şübhəli bilinən iki nəfər müəyyənləşdirilib. Kənarlaşdırılan kursantın işi təhsil məsələləri üzrə komissiyada nəzərdən keçiriləcək. Milli Polis Baş İdarəsinin (IGPN) də araşdırmaya cəlb edildiyi bildirilib.

Fransa mətbuatının məlumatına görə, irqçi və təhqiramiz məzmunlu mesajlar “WhatsApp” və “Instagram”ın şəxsi qruplarında paylaşılıb. Mesajlarda Şimali afrikamənşəli kursantı hədəf alan təhqirlər, irqçi karikaturalar yer alıb. Paylaşılan görüntülərdən birində alman zabit formasında, nasist salamı verən maneken təsvir olunub. Həmçinin bəzi kursantlara Adolf Hitlerin “Mein Kampf” kitabının rəqəmsal versiyası göndərilib.

Bazar ertəsi akademiyanın bütün kursantları toplantıya çağırılıb. Məktəbin direktoru David Lö Bar irqçi mesajları və bildirilən təqib hallarını qətiyyətlə pisləyib.

Akademiyanın 31-ci kursunda təxminən 450 tələbə təhsil alır. 2025-ci ilin sentyabrında başlayan 18 aylıq hazırlıq proqramı nəzəri dərsləri və polis bölmələrində təcrübəni əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: