Çin “Şencou-24” kosmik missiyasını uğurla orbitə çıxarıb - FOTOLAR

A- A A+

Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək növbəti astronavt heyətini daşıyan “Şencou-24” (“Shenzhou-24”) kosmik missiyasına start verilib.

NUHÇIXAN  xəbər verir ki, “Şencou-24” kosmik gəmisini orbitə aparan “Böyük yürüş-2F Y24” (“Long March-2F Y24”) daşıyıcı raketi noyabrın 25-də Pekin vaxtı ilə saat 08:18-də Qobi səhrasında yerləşən Ciuçüən kosmodromundan buraxılıb.

Missiyanın heyətinə Çin astronavtları Tan Honbo və U İ, eləcə də pakistanlı Məhəmməd Zişan Əli daxildir. Məhəmməd Zişan Əli Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək ilk əcnəbi astronavt olacaq. Buraxılışdan əvvəl ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi yolasalma mərasimi keçirilib.

Çin Kosmos Agentliyi buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəminin daşıyıcı raketdən ayrılaraq orbitə daxil olduğunu açıqlayıb. Növbəti mərhələdə gəminin “Tienqon” kosmik stansiyası ilə birləşməsi nəzərdə tutulur.

“Şencou-24” missiyası kosmik stansiyada altı aylıq fəaliyyətini başa vuran “Şencou-23” missiyasının iki astronavtını əvəz edəcək. Həmin missiyanın digər üzvü Cu Yancu isə yeni heyətlə birlikdə stansiyada fəaliyyətini növbəti altı ay ərzində davam etdirəcək. Bununla da o, kosmik stansiyada fasiləsiz bir il keçirən ilk Çin astronavtı olacaq.

Qeyd edək ki, bu missiya Pakistan üçün də tarixi əhəmiyyət daşıyır. Belə ki, ilk dəfə Pakistan vətəndaşı kosmik gəmi ilə orbitə göndərilib. Bu hadisə, eyni zamanda, Çinin kosmik proqramı çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Çinin kosmik proqramının mühüm mərhələsi olan “Tienqon” kosmik stansiyası əsas “Tianhe” modulundan, eləcə də “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. Əsas modulda idarəetmə mərkəzi və astronavtların yaşayış sahələri yerləşir.

“Tienqon” kosmik stansiyasının yaradılması Çinin ABŞ və Rusiyadan sonra müstəqil insanlı kosmik stansiyaya malik ölkə kimi mövqeyini möhkəmləndirib. Ümumi kütləsi 70 ton olan stansiya Yerətrafı aşağı orbitdə, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Onun 15 ildən artıq müddətdə istismar edilməsi nəzərdə tutulur.

Astronavtlar stansiyaya “Şencou”, ərzaq, su, yanacaq, avadanlıq və elmi təcrübələr üçün materiallar isə “Tiencou” kosmik gəmiləri vasitəsilə çatdırılır. Astronavtlar, adətən, stansiyada təxminən altı ay fəaliyyət göstərirlər.

Çinin bu il açıqladığı kosmik stansiyanın genişləndirilməsi planına təxminən 20 tonluq yeni modulun əlavə edilməsi, stansiyanın “T” formasından xaç formasına keçirilməsi, laboratoriya və elmi tədqiqat imkanlarının artırılması, gələcəkdə altı modullu konfiqurasiyaya keçid daxildir.

Plana, həmçinin “Suntien” adlı kosmik teleskopun 2027-ci ildə orbitə buraxılması və uzunmüddətli perspektivdə stansiyanın ümumi kütləsinin təxminən 180 tona çatdırılması da daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: