Dünyada ən geniş yayılmış viruslardan birinə yoluxma Altsheymer xəstəliyinin və demensiyanın digər formalarının yaranma riskini təxminən 50 faiz artıra bilər. Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin tədqiqatçıları bu qənaətə gəliblər.
NUHÇIXAN xəbər verir ki, meta-analizin nəticələri “Open Forum Infectious Diseases” (OFID) jurnalında dərc olunub.
Alimlər virus infeksiyalarının neyrodegenerativ xəstəliklərlə mümkün əlaqəsinə həsr olunmuş 2178 elmi nəşri araşdırıblar. Mütəxəssislər əsas diqqəti 50 yaşdan aşağı insanların təxminən üçdə ikisinin daşıyıcısı olduğu birinci tip herpes simplex virusuna (HSV-1) yönəldiblər.
Təhlil göstərib ki, HSV-1 virusuna yoluxma Altsheymer xəstəliyinin və ya demensiyanın digər formalarının yaranma riskini 48 faiz artırır. İştirakçıların yaşı və ürək-damar xəstəliklərinin olub-olmaması da nəzərə alınmaqla, müxtəlif statistik təhlil metodlarından istifadə edildikdə belə, bu qanunauyğunluq dəyişməyib.
Tədqiqatçılar hesab edirlər ki, bu mümkün əlaqə virusun beyinə nüfuz etmək və orqanizmdə uzun müddət qeyri-aktiv vəziyyətdə qalmaq qabiliyyəti ilə izah oluna bilər. Əvvəlki laborator təcrübələr HSV-1 virusunun sinir hüceyrələrində Altsheymer xəstəliyi üçün səciyyəvi olan bəzi prosesləri xatırladan dəyişikliklərə səbəb ola bildiyini göstərib. Bununla belə, infeksiyanın demensiyanın inkişafına mümkün təsirinin dəqiq mexanizmi hələ müəyyən edilməyib.
Müəlliflər əldə olunan nəticələrin herpes virusunun birbaşa demensiyaya səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Alimlər gələcəkdə virus əleyhinə preparatların və profilaktik vaksinlərin neyrodegenerativ xəstəliklərin yaranma ehtimalını azalda bilib-bilmədiyini araşdırmağı təklif edirlər.
