Belçika futbolda korrupsiya işi üzrə təxminən 100 milyon avronu geri qaytara bilməyib

A- A A+

Belçikanın vergi orqanları “Sıfır əməliyyatı” (Operation Zero) qalmaqalından ötən səkkiz il ərzində hesablanmış məbləğin yalnız bir hissəsini geri ala bilib.

NUHÇIXAN  “The Brussels Times” nəşrinə istinadla xəbər verir ki, hakimiyyət orqanları əlavə olaraq 140 milyon avro vergi və cərimə hesablasalar da, indiyədək bunun yalnız 42 milyon avrosunu toplaya biliblər. İddia olunan borcun məbləğinə ödənilməmiş gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV) və 58 milyon avro məbləğində cərimələr daxildir.

Bu rəqəmləri maliyyə, iqtisadiyyat və ədliyyə nazirləri “Xristian Demokratlar və Flamandlar” Partiyasından (CD&V) olan deputat Stiven Mateyaya təqdim ediblər.

2018-ci ildən bəri Xüsusi Vergi Müfəttişliyi bir neçə onlarla iş açıb. Onlardan 47-si hazırda icraatdadır.

Deputat çatışmayan vəsaitin geri qaytarılması üçün məqsədyönlü tədbirlərin görülməsinə çağırıb. Onun fikrincə, dövlət yalnız qanun pozuntularını aşkar etməklə kifayətlənməməli, həm də vəsaitin faktiki olaraq geri alınmasına nail olmalıdır.

Məlumatlar, həmçinin göstərir ki, 2023-cü ildən etibarən klublar üzərində dövlət nəzarəti faktiki olaraq dayandırılıb. Federal İqtisadiyyat Xidməti 2021-ci ildə peşəkar klublarda üç, 2022-ci ildə səkkiz, 2023-cü ildə isə bir yoxlama aparıb. 2024 və 2025-ci illərdə isə heç bir yoxlama keçirilməyib.

Hazırda nəzarət əsasən Pro-liqanın özünün təşkil etdiyi müstəqil auditə əsaslanır.

2017-ci ildə başlanmış “Sıfır əməliyyatı” Belçika futbolunda rüşvətxorluq, danışılmış oyunlar və çirkli pulların yuyulması halları ilə bağlı olub. Ümumilikdə, agentlər, hakimlər və futbol funksionerləri də daxil olmaqla, iş üzrə 23 nəfərə ittiham irəli sürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: