Vaşinqtonda “İstanbul Photo Awards 2026” fotosərgisi açılıb - FOTOLAR
ABŞ-nin paytaxtı Vaşinqtonda Türkiyənin Anadolu Agentliyinin təşkilatçılığı ilə “İstanbul Photo Awards 2026” beynəlxalq fotomüsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərgi açılıb.
NUHÇIXAN xəbər verir ki, Milli Mətbuat Binasının “11:Eleven” qalereyasında təşkil olunan sərgidə 25 fotoqrafın 90-dan çox əsəri nümayiş etdirilir.
Açılış mərasimində çıxış edən Anadolu Agentliyinin baş direktoru Sərdar Karagöz müsabiqənin fotojurnalistlərin əməyinin qiymətləndirilməsi və dünyada baş verən hadisələrin ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2015-ci ildən keçirilən müsabiqəyə indiyədək 22 minə yaxın fotoqraf tərəfindən 200 mindən çox fotoşəkil təqdim olunub.
Türkiyənin ABŞ-dəki səfiri Sedat Önal isə fotojurnalistikanın tarixi hadisələrin sənədləşdirilməsində, vizual arxivlərin yaradılmasında və ictimai məlumatlılığın artırılmasında mühüm rol oynadığını qeyd edib. Diplomat süni intellekt və sosial media dövründə obyektiv və dəqiq informasiyanın ictimaiyyətə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Builki müsabiqəyə 113 ölkəni təmsil edən fotoqraflar tərəfindən 19 minə yaxın fotoşəkil təqdim edilib. Qaliblər xəbər, idman, təbiət və ətraf mühit, portret və gündəlik həyat istiqamətləri üzrə 10 kateqoriyada müəyyənləşdirilib.
Vaşinqtonda ilk dəfə nümayiş etdirilən sərgi dekabrın 5-dək davam edəcək.