İsveç Miqrasiya Agentliyi valideynlərinin və azyaşlı bacı-qardaşlarının İsveçdə yaşamaq hüququna malik olmasına baxmayaraq, ölkədən deportasiya olunmaq təhlükəsi ilə üzləşən gənc yetkin miqrantların deportasiyasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
NUHÇIXAN xəbər verir ki, parlament partiyaları bu cür deportasiyaların qarşısını almağa yönəlmiş müvəqqəti qanun layihəsi hazırlamaq üçün razılığa gəldikdən sonra müvafiq qərar qəbul edilib. Təşəbbüs ifrat sağçı-millətçi “İsveç Demokratları” istisna olmaqla, bütün parlament partiyaları tərəfindən dəstəklənib. İlkin hesablamalara görə, tədbir 1000 nəfərə qədər insana şamil oluna bilər.
Oktyabrın 1-dən etibarən İsveçdə 18-21 yaş arası bəzi gənclərə valideynləri ilə ailə əlaqələrinə əsasən yaşayış icazəsi almağa imkan verən yeni müddəalar qüvvəyə minib. Lakin 21 yaşına çatmış və yeni yaşayış icazəsi almamış şəxslərin deportasiyası davam edir. 2027-ci ilin payızında qüvvəyə minməsi gözlənilən qanun 20 iyul 2021-ci il tarixində və ya ondan sonra yaşayış icazəsi verilməyən şəxslərə şamil ediləcək.
Miqrasiya Agentliyi bildirib ki, bu gənclərin əksəriyyəti İsveç cəmiyyətinə uğurla inteqrasiya olunub, lakin mövcud hüquqi istisnalar onlara tətbiq edilmir.
Bununla belə, agentlik uzunmüddətli həll yolu hazırlamağın vacibliyini vurğulayır və deportasiyaların dayandırılmasının müstəsna tədbir olduğunu və immiqrasiya qanunvericiliyində tez-tez edilən dəyişikliklərin qeyri-müəyyənlik yaratdığını qeyd edir.
