Qlobal bazarlarda yeni narahatlıq dalğası

A- A A+

ABŞ Ali Məhkəmənin ləğv etdiyi gömrük rüsumlarını əvəz etmək üçün Çin, Avropa İttifaqı və 12-dən çox iqtisadiyyatı əhatə edən yeni tariflər tətbiq etməyə hazırlaşır. Bu xəbərlər qlobal maliyyə bazarlarında risk iştahının azalmasına səbəb olub.

NUHÇIXAN  xəbər verir ki, dünya bazarlarında bazar ertəsi müşahidə olunan yüksəlişdən sonra süni intellekt sahəsinə yatırılan investisiyaların dayanıqlılığı ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.

“Nasdaq 100” indeksi 2 faiz geriləyib, “Nvidia” şirkətinin səhmləri təxminən 6 faiz ucuzlaşıb, “Anthropic” şirkətinin səhmləri isə ilkin kütləvi təklif (IPO) qiymətindən aşağı düşüb. Filadelfiya Yarımkeçiricilər İndeksi də 7,9 faiz azalaraq iyun ayında qeydə alınmış maksimum səviyyə ilə müqayisədə itkilərini təxminən 40 faizə çatdırıb. Bununla belə, “S&P 500” indeksinə daxil olan şirkətlərin əksəriyyətinin səhmləri günü artımla başa vurub. Satış təzyiqi bu gün Asiya bazarlarında da davam edib.

Yeni ticarət günündə “MSCI Asia Pacific” indeksi 2 faiz azalıb. Tayvan fond bazarı 5 faiz, Cənubi Koreya bazarı isə 5,7 faiz geriləyib. ABŞ fond indeksləri üzrə fyuçerslər də enişin davam edə biləcəyinə işarə edir. Belə ki, “Nasdaq 100” üzrə fyuçerslər 1,2 faiz, “S&P 500” üzrə fyuçerslər isə 0,7 faiz ucuzlaşıb.

İnvestorların riskli aktivlərdən uzaqlaşaraq daha təhlükəsiz investisiya vasitələrinə yönəlməsi dövlət istiqrazlarına tələbi artırıb. Nəticədə ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3 baza bəndi azalaraq 4,90 faizə enib.

ABŞ-nin Çin, Avropa İttifaqı və 12-dən çox iqtisadiyyatdan idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşması barədə məlumatlar da bazarlarda risk iştahını zəiflədib.

İqtisadçılar bildirirlər ki, mümkün yeni gömrük rüsumları ilə bağlı gözləntilər artıq böyük ölçüdə bazar qiymətlərində nəzərə alınıb. İnvestorların ilin sonuna doğru əsas diqqəti süni intellekt sektoruna və FED-in pul siyasətinə yönəlməkdə davam edir.

Əmtəə bazarlarında isə “Brent” markalı neftin qiyməti təklifin artmasına dair siqnalların Hörmüz boğazı ətrafındakı geosiyasi riskləri üstələməsi nəticəsində 1 faizdən çox ucuzlaşaraq bir barel üçün 90 dollar ətrafına enib.

İran daha bir neft tankerinin minaya düşdüyünü açıqlayıb və Hörmüz boğazı üzərində nəzarəti gücləndirəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu açıqlamalar geosiyasi riskləri aktual saxlasa da, son aylarda Körfəzdən neft ixracının əhəmiyyətli dərəcədə artması qiymətlərə aşağı istiqamətdə təzyiq göstərir.

Beynəlxalq Enerji Agentliyi də cari rübdə qlobal neft bazarında təklif artıqlığının yaranacağını proqnozlaşdırır. Qızılın bir troya unsiyasının qiyməti isə təxminən 3500 dollar səviyyəsində olmaqla, son 8 ticarət sessiyasının yeddisini ucuzlaşma ilə başa vurmağa hazırlaşır.

London Metal Birjası alüminium bazarında 1980-ci illərdən bəri müşahidə olunan ən böyük təklif sıxlığını azaltmaq məqsədilə iri mövqelərə dair qaydaları sərtləşdirib. Birjanın yeni qərarına əsasən, mövcud alüminium ehtiyatlarının 30 faizindən çoxuna bərabər həcmdə mövqelərə sahib olan investorlar üçün metalın borc verilməsi ilə bağlı əlavə öhdəliklər müəyyənləşdirilib. Əvvəlki hədd isə 50 faiz təşkil edirdi.

Qərarın qəbul edilməsinə alüminium ehtiyatlarının son onilliklərin ən aşağı səviyyəsinə enməsi və bəzi investorların bazarda böyük həcmli uzun mövqelər tutması səbəb olub.

Müdaxilədən sonra fiziki alüminiumun yaxın müddətli tədarükü üzrə qiymət əlavəsi kəskin azalıb. Belə ki, spot qiymətlə dekabr fyuçersləri arasındakı fərq bir ton üçün 212 dollardan 100 dollara düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: