“Axios”: “Anthropic” və “OpenAI” ən qabaqcıl süni intellekt modellərinə nəzarət etməkdə çətinlik çəkir
“Anthropic” və “OpenAI” şirkətlərinin ictimaiyyətə təqdim etmədikləri daha təkmil süni intellekt modellərinə nəzarəti təmin etməkdə çətinlik çəkdikləri iddia olunur. Gələcəkdə hazırlanacaq ən qabaqcıl modellərin yalnız şirkətdaxili istifadəsi və ya yeni modellərin təliminin dayandırılması variantları müzakirə edilir.
NUHÇIXAN xəbər verir ki, ABŞ-nin süni intellekt şirkətləri “Anthropic” və “OpenAI” ictimaiyyətə təqdim etdikləri modellərdən xeyli daha inkişaf etmiş sistemləri daxili qaydada hazırlayırlar. Lakin iddialara görə, şirkətlər həmin sistemlərin təhlükəsiz istifadəsini və onlara nəzarəti təmin etməkdə çətinlik çəkirlər.
“Axios” nəşrinin şirkətlərdəki daxili müzakirələrdən məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, hər iki şirkətin hələ ictimaiyyətin istifadəsinə təqdim etmədiyi yüksək səviyyəli süni intellekt sistemləri mövcuddur.
Mənbələr bildiriblər ki, riyaziyyat, elm, kibertəhlükəsizlik və süni intellekt tədqiqatları sahələrində mühakimə yürütmə qabiliyyəti sürətlə inkişaf edən modellərə nəzarət etmək hətta şirkətlərin öz sınaqları zamanı da getdikcə çətinləşir.
Şirkətlərdə və süni intellekt tədqiqatçıları arasında gələcəkdə hazırlanacaq ən qabaqcıl modellərin ictimaiyyətə təqdim edilmədən yalnız daxili məqsədlər üçün istifadəsi məsələsi müzakirə olunur. Yeni modellərin təlim prosesinin dayandırılması da nəzərdən keçirilən variantlar sırasındadır.
“Axios”a danışan tədqiqatçılardan biri hesab edir ki, süni intellekt modellərinin insanlardan daha ağıllı səviyyəyə çatdırılması istiqamətində inkişaf davam edərsə, onlar insanları uğurla aldada bilərlər. Tədqiqatçı belə bir mərhələyə çatıldıqda mövcud təhlükəsizlik mexanizmlərinin təsirsiz qala biləcəyini vurğulayıb.
Məqalədə, həmçinin qeyd olunur ki, qabaqcıl modellər öz mühakimə proseslərini getdikcə daha az şəffaf edir. Bəzi hallarda isə insan nəzarətçilərini inandırmaq məqsədilə reallığı əks etdirməyən izahatlar təqdim edirlər.
