Futbol tarixində bu gün: Əfsanəvi Dieqo Maradona vəfat edib

A- A A+

Bu gün dünya futbolunun əfsanələrindən biri, Argentina millisinin sabiq kapitanı Dieqo Armando Maradonanın vəfatından 6 il ötür.

NUHÇIXAN  xəbər verir ki, 2020-ci il noyabrın 25-də 60 yaşında dünyasını dəyişən Maradona 1986-cı ildə Argentina millisinin heyətində dünya çempionu olub.

1960-cı il oktyabrın 30-da Buenos-Ayres yaxınlığındakı Lanus şəhərində anadan olan Maradona peşəkar futbolçu karyerasına “Argentinos Xuniors” klubunda başlayıb. O, 15 yaşında bu komandanın heyətində debüt edib. 1981-ci ildə “Boka Xuniors”a keçən futbolçu bir il sonra İspaniyanın “Barselona” klubuna transfer olunub. Kataloniya təmsilçisinin heyətində İspaniya Kuboku, Liqa Kuboku və Superkubokun qalibi olub.

Maradonanın karyerasının ən parlaq dövrü 1986-cı ildə Meksikada keçirilən dünya çempionatı ilə bağlıdır. Argentina millisinin kapitanı olan futbolçu turnirdə beş qol vurub və yarışın ən yaxşı oyunçusuna təqdim edilən “Qızıl top” mükafatına layiq görülüb.

Argentinalı futbolçunun karyerasında İtaliyanın “Napoli” klubunun da xüsusi yeri var. 1984-cü ildə bu komandaya keçən Maradona 1986-1987-ci və 1989-1990-cı illər mövsümlərində İtaliya çempionluğunu qazanıb. O, 1987-ci ildə İtaliya Kubokunun, 1989-cu ildə isə UEFA Kubokunun qalibi olub. Maradona Neapol şəhərinin və klubun simvollarından birinə çevrilib. Onun şərəfinə “Napoli”də 10 nömrəli forma əbədiləşdirilərək dövriyyədən çıxarılıb.

1997-ci ildə futbolçu karyerasını başa vuran Maradona məşqçilik fəaliyyətinə başlayıb. 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib və komandanı 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının 1/4 final mərhələsinə çıxarıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də Buenos-Ayresdəki evində ürəktutması nəticəsində vəfat edib. Ölümündən təxminən iki həftə əvvəl beyin əməliyyatı keçirən Maradona xəstəxanadan evə buraxılmışdı. Onun vəfatından sonra Argentinada üçgünlük milli matəm elan olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: