Rusiyanın “Gazprom” şirkəti Uzaq Şərq marşrutu vasitəsilə Çinə təbii qaz tədarükünə 2027-ci ilin yanvarında başlanması üçün həyata keçirilən tikinti işlərinin son mərhələyə çatdığını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, şirkətin yaydığı yazılı məlumatda “Gazprom”un İdarə Heyətinin iri investisiya layihələri çərçivəsində görülən işləri müzakirə etdiyi bildirilib.
Məlumatda Rusiyanın şərqində təbii qaz infrastrukturu şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. Bildirilib ki, Primorsk diyarında 2027-ci ilin yanvarında Uzaq Şərq marşrutu ilə Çinə qaz tədarükünə başlamaq üçün zəruri obyektlərin tikintisi yekunlaşmaq üzrədir.
Açıqlamaya əsasən, Belogorsk-Xabarovsk qaz kəmərinin tikintisi 98,5 faiz tamamlanıb. Həmçinin kəmərin “Sibirin Gücü” və Saxalin-Xabarovsk-Vladivostok magistral qaz kəmərlərinə birləşdirilməsi təmin edilib.
Bununla yanaşı, “Sibirin Gücü” qaz kəmərinin Çayanda yatağı ilə Blaqoveşensk şəhəri arasındakı hissəsində ikinci xəttin tikintisinin də başa çatmaq üzrə olduğu və istismara hazırlıq işlərinin aparıldığı bildirilib.
Şirkətin Arktika regionunda yerləşən Xarasa¬vey qaz yatağında hasilata başlamaq üçün hazırlıqların da son mərhələyə çatdığı qeyd olunub. Yeni investisiya layihələrinin Rusiyada təbii qaz təchizatının təhlükəsizliyini gücləndirmək və ixrac öhdəliklərini yerinə yetirmək məqsədi daşıdığı vurğulanıb.
Qeyd edək ki, Avropa təbii qaz bazarındakı mövqelərinin böyük hissəsini itirən “Gazprom” ixrac həcmlərindəki azalmanı, ilk növbədə, Çin başda olmaqla Asiya ölkələrinə qaz tədarükünü artırmaqla kompensasiya etməyə çalışır.
