Afina və Salonikidə keçirilən etiraz aksiyalarına qatılan təxminən 14 min nəfər yaşayış xərclərinin artması fonunda əməkhaqqının artırılmasını tələb edib.
NUHÇIXAN xəbər verir ki, nümayişlər Yunanıstan Dövlət Sektoru İşçiləri Həmkarlar İttifaqları Konfederasiyası (ADEDY) tərəfindən ölkə miqyasında 24 saatlıq tətil çərçivəsində təşkil edilib.
Həmkarlar ittifaqları alıcılıq qabiliyyətinin azalmasını kompensasiya etmək üçün əməkhaqqının əhəmiyyətli dərəcədə artırılmasını, eləcə də səhiyyə və təhsil sahələrində təkmilləşdirmələr tələb edirlər.
Təşkilatın açıqlamasında deyilir: “Yaşayış xərclərinin yüksək olması, dondurulmuş əməkhaqqı, enerji qeyri-sabitliyi, səhiyyə və təhsilin acınacaqlı vəziyyəti ilə barışmaqdan imtina edirik”.
Tətil ölkə daxilində nəqliyyatda ciddi fasilələrə səbəb olub. Afinada metro xidməti, şəhərətrafı qatar xidməti dayandırılıb, bərə və digər gəmilər 24 saatlığına durdurulub. Bundan əlavə, hava səyahətləri üçün informasiya dəstəyi göstərən telekommunikasiya işçilərinin tətili səbəbindən 15 regional hava limanında bütün uçuşlar ləğv edilib.
Yunanıstanda bu il 1,8 faiz iqtisadi artım proqnozlaşdırılsa da (avrozonada 1,1% ilə müqayisədə), ev təsərrüfatlarının gəlirləri aşağı olaraq qalır. Minimum əməkhaqqı ayda 968 avrodur, mənzil xərcləri isə, xüsusən də Afinada artmaqda davam edir.
“Bu gün alıcılıq qabiliyyətim əvvəlkinin üçdəbirindən də azdır. Hər ay dolanışığımızı təmin etmək üçün kəmərlərimizi sıxmağa məcburuq”, - deyə təqaüdçü mühəndis Kostas Tsatsanis bildirib.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis yüksək yaşayış minimumunun ölkənin əsas problemi olaraq qaldığını etiraf etdi. O, əməkhaqqı və pensiyaların qarşıdan gələn artımlarını elan edib və 2028-ci ilin əvvəlinə qədər minimum əmək haqqını 1000 avroya qaldıracağına söz verib.
Qeyd etmək lazımdır ki, son bir ayda Yunanıstanda yaşayış minimumunun artmasına qarşı həmkarlar ittifaqları tərəfindən iki etiraz aksiyası keçirilib.
