ABŞ-İran müharibəsi fonunda təbii qazın kəskin bahalaşması nəticəsində Böyük Britaniyada milyonlarla ailənin enerji xərcləri yanvar ayından etibarən 26 faiz artacaq.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın enerji bazarını tənzimləyən “Ofgem” qurumunun məlumatına görə, 2027-ci ilin ilk üç ayında ev təsərrüfatlarının aylıq enerji xərcləri orta hesabla 37 funt sterlinq artacaq. Lakin istehlak həcmindən asılı olaraq qış aylarında bu artım 60 funt sterlinqə çata bilər.
İngiltərə, Şotlandiya və Uelsdə orta həcmdə enerji istehlak edən və ödənişlərini avtomatik bank köçürməsi vasitəsilə həyata keçirən ailələrin illik enerji xərcləri yeni tariflərin bir il ərzində qüvvədə qalacağı təqdirdə 1723 funt sterlinqdən 2166 funt sterlinqə yüksələcək.
Hökumət qış aylarında enerji xərclərinin qarşılanmasına dəstək məqsədilə yanvarın 4-dən etibarən milyonlarla ailəyə 100 funt sterlinq məbləğində maliyyə yardımı göstərəcək. Bu tədbir elektrik enerjisinə tətbiq olunan əlavə dəyər vergisinin daha əvvəl azaldılmasına əlavə olaraq həyata keçiriləcək. Xeyriyyə təşkilatları və enerji təchizatçıları əhalinin enerji borclarının artacağını, çoxsaylı ailələrin təcili maliyyə yardımına ehtiyac duyacağını proqnozlaşdırır.
“Ofgem” bildirib ki, hər üç aydan bir müəyyən edilən enerji tariflərinin yuxarı həddinin artırılması tamamilə təchizatçıların topdansatış xərclərinin yüksəlməsi ilə əlaqədardır. Yanvar-mart ayları üzrə tariflərin müəyyənləşdirilməsi üçün əsas götürülən son üç ay ərzində qazın topdansatış qiyməti 33 faiz artıb.
