“The Wall Street Journal”: Neft və yük gəmilərinə kiberhücumların arxasında İranın dayandığı ehtimal edilir
ABŞ rəsmiləri son həftələrdə neft və yük gəmilərini hədəf alan təxminən 50 kiberhücumun arxasında iranlı hakerlərin dayana biləcəyindən şübhələnirlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Bildirilir ki, Asiya ilə Avropa arasında hərəkət edən, neft, mayeləşdirilmiş qaz və digər partlayıcı kimyəvi maddələr daşıyan gəmilər kiberhücumlara məruz qalıb.
Avqust ayında ABŞ sahillərinə doğru hərəkət edən bəzi neft tankerlərinin naviqasiya sistemlərinə müdaxilə edilməsi nəticəsində Federal Təhqiqatlar Bürosunun (FTB) və Sahil Mühafizəsinin kibertəhlükəsizlik qrupları gəmilərə müdaxilə etməli olublar.
Məlumata görə, ABŞ rəsmiləri İranın Birləşmiş Ştatlara qarşı kiberhücum kampaniyasını genişləndirib-genişləndirmədiyini araşdırırlar. Ehtimal olunur ki, İran böyük gəmiləri hədəfə almaqla dəniz nəqliyyatı şirkətləri arasında təşviş yaratmağa, gəmi marşrutlarını pozmağa və ya limanlarda partlayışlara səbəb olmağa çalışır.
Qeyd olunur ki, gəmilərdə avtomatlaşdırılmış sistemlərin haker hücumuna məruz qalması və ya sıradan çıxması halında ehtiyat idarəetmə mexanizmləri mövcuddur.
Hücumların “FortiBleed” adlanan təhlükəsizlik boşluğundan istifadə edilməklə həyata keçirilmiş ola biləcəyi ehtimal edilir. Bu boşluq “Fortinet” şirkətinin istehsalı olan qorunmasız marşrutlaşdırıcılar vasitəsilə şəbəkələrə müdaxiləyə imkan yaradır. FTB və Sahil Mühafizəsi sentyabr ayında yaydıqları birgə təhlükəsizlik xəbərdarlığında yük gəmilərində “Fortinet” markalı marşrutlaşdırıcılardan istifadə edildiyinə diqqət çəkiblər.
İran bu ilin əvvəlində ABŞ və İsrailin rəhbərlik etdiyi hərbi əməliyyatların başlanmasından, eləcə də ölkənin ali rəhbərinin həlak olmasından sonra müxtəlif istiqamətlərdə cavab tədbirləri həyata keçirir. Bu tədbirlərin bir qismi kiberhücumlar şəklində reallaşıb. ABŞ rəsmiləri yüzlərlə su təchizatı müəssisəsinə və tibbi texnologiya şirkətinə qarşı həyata keçirilən kiberhücumlara görə də İranı məsuliyyətli hesab edirlər.
FTB-nin sözçüsü isə gəmilərə qarşı hücumlarla bağlı şərh verməyib və kiberhücumların dəqiq sayı barədə açıqlama yaymayıb.
