Amerikalı milyarder Todd Bouli Rusiyanın "Lukoyl" neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) da daxil olduğu konsorsium tərəfindən satın alınmasına dair saziş imzalayıb.
NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, sövdələşmə "Lukoyl"un 10 milyard dollar dəyərindəki qiymətli kağızlarının onun xarici aktivləri ilə mübadiləsini nəzərdə tutur. Saziş üzrə danışıqlar bir ildən çox davam edib.
Ötən ilin oktyabrında "Lukoyl"a qarşı sanksiyalar tətbiq edən ABŞ Maliyyə Nazirliyi sövdələşmənin ABŞ-nin milli təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlayacaq.
Razılaşma həmçinin Vaşinqtonun gələcək qazancdan pay əldə etməsini nəzərdə tutur. Bununla yanaşı, DFC konsorsiumda həcmi hələlik açıqlanmayan pay, eləcə də şirkətin direktorlar şurasında yer əldə edəcək. ABŞ-nin payı, konsorsiumun özəl investorları yatırılmış kapitalı geri qaytardıqdan və razılaşdırılmış gəlirlilik normasını əldə etdikdən sonra qazanc gətirəcək.
Əqdin yekunlaşması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin təsdiqi zəruridir. Proseslə tanış olan mənbənin sözlərinə görə, "Lukoyl"un xarici aktivlərinin miqyası nəzərə alınmaqla, yoxlama müəyyən vaxt apara bilər.
