Danimarkanın Orhus Universitetinin alimlərinin yeni araşdırması vikinqlər dövründə bəzək əşyalarının kütləvi istehsal edildiyi barədə əvvəllər mövcud olan nəzəriyyəni şübhə altına alıb. Tədqiqatın nəticələri göstərir ki, Skandinaviya sənətkarları məmulatların özünəməxsusluğuna xüsusi diqqət yetiriblər.
NUHÇIXAN xəbər verir ki, tədqiqatın mövzusu əsasən üst geyimlərini bir-birinə bərkitmək üçün istifadə olunan dekorativ fibulalar – bəzəkli sancaqlar olub. Arxeoloqlar Skandinaviya ərazisində bu cür minlərlə məmulat aşkar ediblər. Bu isə əvvəllər onların kütləvi və nisbətən ucuz istehsal olunduğunu düşünməyə əsas verirdi.
Orhus Universitetinin tədqiqatçısı Derek Parrott üçölçülü modelləşdirmə texnologiyasından istifadə edərək vikinqlər dövründə sənətkarlıq mərkəzlərindən biri olan Ribe şəhərində aşkar edilmiş 105 fibulanı və tökmə qəliblərinin 244 fraqmentini təhlil edib. Təhlilin nəticələri göstərib ki, fibulalardan yalnız beşi tədqiq olunan tökmə qəliblərinin fraqmentlərinə uyğun gəlib. Bununla belə, həmin məmulatlarda da fərdi emal izləri aşkar edilib.
Tədqiqatçının sözlərinə görə, vikinqlər dövrünün skandinaviyalıları bu gün “sürətli moda” adlandırılan yanaşmanın tərəfdarı olmayıblar. Onların bəzək əşyaları özünəməxsusluğu və rəngarəngliyi ilə seçilib. Bu isə qədim sənətkarların yüksək yaradıcılıq bacarığından xəbər verir.
Əldə olunan nəticələr vikinqlər dövründə Skandinaviyada sənətkarlıq məhsullarının istehsalı xüsusiyyətlərinə və istehlak mədəniyyətinə yeni yanaşma imkanı yaradır.
