Belçikada kiberhücum nəticəsində 1,2 milyon nəfərin şəxsi məlumatları oğurlanıb

A- A A+

Belçikanın Flamand regionunda 82 bələdiyyəni əhatə edən süni intellekt dəstəkli kiberhücum nəticəsində təxminən 1,2 milyon nəfərin şəxsiyyət, ünvan və bank hesablarına dair məlumatları oğurlanıb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Belçikanın kibertəhlükəsizlik şirkətləri “Secutec” və “SOCRadar” hücumun noyabrın 6-dan 15-dək həyata keçirildiyini açıqlayıb. Bildirilib ki, Flamand regionunun beş əyalətində yerləşən 82 bələdiyyə kiberhücumdan zərər çəkib. Nəticədə təxminən 1,2 milyon bələdiyyə sakininin və əməkdaşının şəxsi məlumatları ələ keçirilib.

Məlumata görə, hakerlər bələdiyyələrin təkrar emal mərkəzlərinə xidmət göstərən şirkətin kifayət qədər mühafizə olunmayan mərkəzi serverinə daxil olublar. Serverdəki faylların şifrələnmədiyi, müxtəlif bələdiyyələrə aid məlumatların isə lazımi təhlükəsizlik tədbirləri görülmədən eyni serverdə saxlanıldığı müəyyən edilib.

Oğurlanan məlumatlar arasında şəxslərin adları, ünvanları, doğum tarixləri, milli reyestr və şəxsiyyət vəsiqələrinin nömrələri, eləcə də IBAN məlumatları yer alıb. Bəzi bələdiyyələrdə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının da ələ keçirildiyi bildirilir.

Açıqlamada hücumun “Ghost Hunters” adlı qrupla əlaqəli olduğu vurğulanıb. Kiberhücum zamanı “DeepSeek” modelindən istifadə edən süni intellekt alətinin tətbiq edildiyi qeyd olunub.

Belçikanın ictimai yayımçısı VRT-nin məlumatına görə, hücumdan ən çox zərər çəkən Şərqi Flandriya əyalətinin prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: