Avropa İttifaqı kvant texnologiyalarının inkişafı üçün 50 milyard avroluq plan hazırlayıb

A- A A+

Avropa İttifaqı (Aİ) kvant tədqiqatlarının kommersiya məhsul və xidmətlərinə çevrilməsini sürətləndirmək, eləcə də təchizat zəncirlərini gücləndirmək məqsədilə 50 milyard avro həcmində plan hazırlayıb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Avropa Komissiyası Avropanın sənaye potensialını və təhlükəsizliyini artırmaq məqsədilə hazırlanan Kvant Aktı layihəsini, həmçinin strateji texnologiyaların dəstəklənməsi üçün yaradılması nəzərdə tutulan Texnoloji Suverenlik Kapital Fondunun təkliflərini ictimaiyyətə təqdim edib.

Təklifə əsasən, Aİ və üzv dövlətlərin kvant texnologiyaları sahəsindəki proqramları ümumi tədqiqat və sənaye hədəfləri ətrafında birləşdiriləcək. Avropanın aparıcı tədqiqat institutlarını bir araya gətirəcək şəbəkənin yaradılması, tədqiqatçıların və şirkətlərin ortaq infrastruktura çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Sənədə görə, kvant kompüterləri, simulyatorları və kvant texnologiyalarına əsaslanan tibbi görüntüləmə sistemləri üçün ümumavropa infrastrukturunun yaradılması dəstəklənəcək. Həmçinin nasazlıq yarandıqda fəaliyyətini davam etdirə bilən kvant kompüterləri və peyk siqnallarından istifadə etmədən işləyən naviqasiya cihazları kimi layihələrin maliyyələşdirilməsi üçün müsabiqələr təşkil olunacaq.

Bundan başqa, Aİ və üzv dövlətlər kritik komponentləri və təchizatçıları müəyyənləşdirmək məqsədilə kvant texnologiyaları üzrə təchizat zəncirlərinə nəzarəti gücləndirəcəklər.

Kvant kompüterlərinin yarada biləcəyi kibertəhlükəsizlik risklərinin qarşısının alınması üçün məlumatların, kommunikasiya şəbəkələrinin və kritik infrastrukturun qorunması məqsədilə kvantdan sonrakı kriptoqrafiyaya keçid dəstəklənəcək.

Təklif çərçivəsində yaradılması nəzərdə tutulan Texnoloji Suverenlik Kapital Fondu kvant texnologiyaları da daxil olmaqla, Aİ üçün strateji əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərən şirkətlərə səhmdar investisiyaları və digər maliyyə alətləri vasitəsilə kapital ayıracaq.

Avropa Komissiyası fondun yaradılması istiqamətində Avropa İnvestisiya Bankı Qrupu və üzv dövlətlərlə əməkdaşlıq edəcək. Kvant texnologiyaları və süni intellekt də daxil olmaqla, strateji texnologiyaların inkişafını dəstəkləyəcək fondun həcminin 50 milyard avro olması nəzərdə tutulur.

Qeyd edək ki, Aİ-nin 2030-cu ilədək kvant texnologiyaları sahəsində dünya liderinə çevrilməsi hədəfini dəstəkləyən qanun layihəsinə Avropa Parlamenti və Aİ Şurası tərəfindən yekun forma veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: