Çin avtomobil istehsalçıları hibrid avtomobillərə tələbatın artması hesabına Avropa bazarında satışlarını iki dəfədən çox artırıblar. Çin markalı avtomobillərin qeydiyyat sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 103 faiz artaraq 151 min 112-yə çatıb. Bu avtomobillərin payı regionda ümumi satışların 13,6 faizini təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bazar araşdırmaları ilə məşğul olan “Dataforce” şirkətinin məlumatına görə, Çin istehsalçılarının Avropa bazarındakı payı sentyabr ayında qeydə alınan rekord 14,5 faizlik göstəricidən bir qədər az olsa da, oktyabr ayı üzrə ikinci ən yüksək səviyyəyə çatıb. Bu artım ümumi avtomobil bazarında demək olar ki, heç bir böyümənin müşahidə olunmadığı şəraitdə qeydə alınıb.
Oktyabr ayında artım tempinin nisbətən zəifləməsi əsasən mövsümi amillərlə əlaqələndirilir. Belə ki, sentyabr ayında rübün sonu ilə bağlı satış kampaniyaları, eləcə də Böyük Britaniyada ildə iki dəfə həyata keçirilən avtomobil nömrə nişanlarının dəyişdirilməsi prosesi satışlara əlavə təkan verir. Çin markalarının Avropa bazarındakı payı ötən ilin eyni dövründə də azalmış, sonradan isə yenidən artmağa başlamışdı.
Uzunmüddətli tendensiya Çin avtomobil istehsalçılarının Avropa bazarında mövqelərini sürətlə gücləndirdiyini göstərir. Beş il əvvəl Avropa bazarına yeni daxil olan Çin şirkətləri hazırda yerli avtomobil istehsalçılarına ciddi rəqabət yaradırlar. Onlar həm Çin bazarında mənfəət marjalarının azalması, həm də daha qısa müddətdə hazırlanmış və nisbətən ucuz elektrik və hibrid modellərini Avropaya çıxarmaları hesabına rəqabət üstünlüyü əldə etməyə çalışırlar. Üçüncü rübdə Çin markaları satış həcminə görə ilk dəfə Avropada Yaponiya istehsalçılarını geridə qoyublar.
Bu proses Avropa avtomobil sənayesində də ciddi dəyişikliklərə səbəb olur. Belə ki, “Volkswagen” genişmiqyaslı xərclərin azaldılması proqramını həyata keçirir, “Mercedes-Benz Group” Almaniyadakı zavodlarına yeni investisiyaları dayandırır, “Stellantis NV” isə Avropadakı istehsal strukturunu əsaslı şəkildə yenidən nəzərdən keçirir.
Şirkət rəhbərləri artan xərclər və Çin rəqiblərinin sürətli inkişafı fonunda Avropadakı əməliyyatların daha çevik, səmərəli və rəqabətədavamlı qurulmasının zəruriliyini vurğulayırlar.
Çin avtomobil istehsalçıları isə istehsalı lokallaşdırmaq strategiyası çərçivəsində Avropadakı fəaliyyətlərini genişləndirirlər. “BYD” şirkəti Almaniya sərhədinə yaxın Fransanın Hambax şəhərində yerləşən, əvvəllər “Smart”a məxsus olmuş və hazırda “Ineos Automotive” şirkətinin idarəçiliyində olan zavodun alınması ilə bağlı danışıqlar aparır. Şirkət bu addımla Macarıstanda tikintisi başa çatmaqda olan yeni zavoduna əlavə olaraq Fransada da istehsal bazası yaratmağı hədəfləyir.
Bununla yanaşı, “Chery Automobile” Barselonada avtomobil istehsalına başlamağa hazırlaşır. “Zhejiang Leapmotor Technology” şirkəti isə yaratdığı birgə müəssisə vasitəsilə “Stellantis”in İspaniyanın Saraqosa şəhərindəki zavodunda B10 SUV modelinin istehsalına başlayıb.
Qeyd edək ki, Avropa İttifaqı dekabrın 1-dən etibarən Çində istehsal olunan hibrid avtomobillərin idxalına məhdudiyyətlər tətbiq etməyi, Çin istehsalı olan elektrik avtomobillərinə isə əlavə gömrük rüsumları müəyyənləşdirməyi planlaşdırır. Eyni zamanda, yerli istehsal avtomobillərinə dəstək verilməsi məqsədilə müxtəlif təşviq mexanizmləri nəzərdən keçirilir.
