İngiltərə Bankı enerji qiymətləri fonunda inflyasiyanın daha aşağı səviyyədə pik həddə çatacağını gözləyir
İngiltərə Bankının rəhbəri Endryu Beyli bildirib ki, neft və təbii qazın qiymətləri hazırkı səviyyədə qalarsa, ölkədə inflyasiya bankın əvvəlki proqnozlarında nəzərdə tutulandan daha aşağı həddə yüksələ bilər.
NUHÇIXAN xəbər verir ki, Endryu Beylinin sözlərinə görə, bankın noyabr ayına dair proqnozlarının hazırlanmasından sonra neftin qiyməti təxminən 10 faiz, təbii qazın qiyməti isə 4 faiz azalıb.
“Qiymətlər hazırkı səviyyədə qalarsa, inflyasiyanın pik göstəricisi daha aşağı olacaq”, – deyə Beyli vurğulayıb.
Enerji qiymətlərinin dəyişkən olduğunu qeyd edən bank rəhbəri Hörmüz boğazından xam neft axınının əvvəlki səviyyələrə yaxınlaşdığını, lakin qarşıdakı dövrdə vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmağın çətin olduğunu bildirib.
O, dizel yanacağı kimi emal olunmuş neft məhsullarının qiymətlərinin xam neftin qiymətindən ayrı izlənilməsinin vacibliyini diqqətə çatdırıb.
Beylinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, eləcə də Çinin vaxtaşırı tətbiq etdiyi emal olunmuş neft məhsullarının ixracına məhdudiyyətlər də qiymətlərə təsir göstərir. O, Avropanın dizel yanacağının istehsalı üzrə imkanlarının məhdud olduğunu qeyd edib. Bank rəhbəri enerji xərclərinin artımının indiyədək digər məhsul və xidmətlərin qiymətlərinə ciddi şəkildə təsir göstərmədiyini də bildirib. İngiltərə iqtisadiyyatının gözləniləndən daha dayanıqlı olduğunu və əmək bazarında zəifləmənin dayandığını vurğulayan Beyli bu amillərin inflyasiya proqnozlarının hazırlanması zamanı nəzərə alınacağını söyləyib.
İngiltərə Bankının sədr müavini Kler Lombardelli isə gələn il ərzaq inflyasiyasının təxminən 5 faizə yüksələcəyini gözlədiklərini bildirib.
Xatırladaq ki, İngiltərə Bankı noyabrın 5-də qəbul etdiyi qərarla uçot faiz dərəcəsini 25 baza bəndi artıraraq 4 faizə çatdırıb. Bank bu qərarını Yaxın Şərqdəki münaqişənin təsiri ilə enerji qiymətlərinin yüksəlməsinin inflyasiya təzyiqlərini artırması ilə əsaslandırıb. Həmin gün dərc olunan Pul Siyasəti Hesabatında illik inflyasiyanın 2027-ci ilin ikinci rübündə orta hesabla 4,9 faizə çatacağı, enerji qiymətlərindəki artımın təsiri zəiflədikcə isə aşağı düşəcəyi proqnozlaşdırılıb.
İngiltərə Milli Statistika İdarəsinin məlumatına görə, ölkədə illik inflyasiya sentyabrda 3,5 faiz olduğu halda, oktyabrda 3,6 faizə yüksəlib. Artıma ən böyük töhfəni, xüsusilə avtomobil yanacağının bahalaşması ilə əlaqədar nəqliyyat xərcləri verib. İngiltərə Bankının növbəti faiz qərarının dekabrın 17-də açıqlanması gözlənilir.
