İspaniya İbiza yaxınlığında tankerin qəzaya uğramasından sonra dənizdə fövqəladə vəziyyət elan edib

A- A A+

Noyabrın 26-da səhər İbiza adasının sahillərində təxminən 7 min metrik ton dizel yanacağı daşıyan gəmi batıb. Hadisə nəticəsində bir nəfər həlak olub. Gəmidən xilas edilən dörd nəfərdə hipotermiya, susuzlaşma, duzlu su udma və neft məhsulları ilə təmas nəticəsində zəhərlənmə əlamətləri müşahidə olunur. Zərərçəkənlər İbiza və Valensiya xəstəxanalarında müalicə alırlar.

NUHÇIXAN  EFE agentliyinə istinadla xəbər verir ki, İspaniya hökuməti cümə axşamı qəzaya uğramış tankerdən dizel yanacağının dənizə sızması təhlükəsi səbəbindən Milli Dəniz Planı çərçivəsində 2-ci səviyyəli fövqəladə vəziyyət rejimini aktivləşdirib.

Milli Dəniz Planı üzrə ikinci səviyyəli fövqəladə vəziyyət rejimi sızmanın yayılmasının qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq üçün əlavə dövlət qüvvələrinin və resurslarının cəlb olunmasını nəzərdə tutur. Belə qəza dəniz ekosisteminə və sahilboyu ərazilərə ciddi zərər vura bilər. Çirkləndirici maddələrin dənizə yayılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş “Clara Campoamor” ixtisaslaşmış dəniz xilasetmə gəmisi hadisə yerinə yola düşüb. Qəza bölgəsində “Salvamar Talía” gəmisi də fəaliyyət göstərir. Bundan əlavə, yanacağın dənizə tökülüb-tökülmədiyini müəyyənləşdirmək və mümkün sızmanın miqyasını qiymətləndirmək məqsədilə xilasetmə xidmətinin təyyarəsi hadisə bölgəsini havadan müşahidə edir.

İspaniyanın Ekoloji Keçid Nazirliyi mümkün yanacaq sızmalarının qarşısını almaq üçün müvafiq planı aktivləşdirib. Hazırda qəza bölgəsində çirklənmə əlamətləri aşkar edilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: