Beynəlxalq “Clean Cities” ekoloji təşkilatının yeni reytinqində Budapeşt havanın keyfiyyətinə görə 40 Avropa şəhəri arasında 30-cu yeri tutub.
NUHÇIXAN xəbər verir ki, Macarıstanın paytaxtı mümkün 60 baldan 25,6 bal toplayıb. Şəhər xüsusilə də nəqliyyat vasitələrinin yaratdığı çirklənmənin azaldılması istiqamətində görülən tədbirlərin qiymətləndirilməsi üzrə zəif nəticə göstərib.
“Free to Breathe” araşdırmasında şəhərlər dörd meyar üzrə müqayisə edilib: hazırkı çirklənmə səviyyəsi, 2030-cu il üçün Avropa İttifaqının tələblərinə uyğunluq, son on ildəki dəyişikliklər və təmiz nəqliyyat sahəsində siyasət. Budapeşt 2030-cu il üçün müəyyən edilmiş normalara uyğunluğa görə heç bir bal almayıb, nəqliyyat siyasəti üzrə isə mümkün 10 baldan cəmi 2 bal toplayıb.
Vyana 9-cu, Bratislava 19-cu, Lyublyana 29-cu, Praqa 31-ci, Varşava 33-cü, Zaqreb isə 38-ci yerdə qərarlaşıb. Reytinqə 54,8 balla Kopenhagen başçılıq edib. Siyahının sonuncu yerlərində isə Buxarest və Afina qərarlaşıb.
“Clean Cities” təşkilatının qiymətləndirməsinə görə, havanın çirklənməsi Avropa İttifaqının iqtisadiyyatına ildə təxminən 600 milyard avroya başa gəlir.
