Avropanın 12 ölkəsində mütəşəkkil maliyyə cinayətkarlığına qarşı mübarizə çərçivəsində genişmiqyaslı əməliyyat zamanı 300-dən çox axtarış aparılıb. Nəticədə 21 şübhəli saxlanılıb.
NUHÇIXAN “dpa” agentliyinə istinadla xəbər verir ki, çərşənbə günü keçirilən əməliyyatda bir neçə ölkənin polis, gömrük orqanları və prokurorluqlarının 3 mindən çox əməkdaşı iştirak edib.
Əsas tədbirlər Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində həyata keçirilib. Burada təxminən 100 axtarış aparılıb. Əməliyyatlar, həmçinin Belçika, Niderland, Fransa, İtaliya, Estoniya və Şərqi Avropanın bir sıra ölkələrində keçirilib.
Turingiya Kriminal Polis İdarəsinin məlumatına görə, axtarışlar zamanı sənədlər, elektron informasiya daşıyıcıları, külli miqdarda nağd pul, zinət əşyaları və lüks avtomobillər müsadirə edilib.
İstintaqın qənaətinə görə, şübhəlilər ən azı 120 milyon avronu yumaqda iştirak etmiş ola biləcək cinayətkar təşkilata daxil olublar. Ehtimal olunur ki, dələduzluq sxemini həyata keçirmək məqsədilə Almaniyada ən azı 22 saxta şirkət yaradılıb. Bu şirkətlər faktiki olaraq göstərilməyən xidmətlərə görə hesab-fakturalar tərtib ediblər.
Bundan əlavə, iş üzrə təqsirləndirilən şəxslərə ən azı 18,9 milyon avro məbləğində vergidən yayınma ittihamı irəli sürülüb.
