Almaniyanın nəhəng proqram təminatı istehsalçısı SAP süni intellekt texnologiyalarına əsaslanan biznes modelinə keçid çərçivəsində azı 10 min iş yerini ixtisar etməyi planlaşdırır.
NUHÇIXAN “Bloomberg”ə istinadla xəbər verir ki, bu, şirkətin dünya üzrə 110 mindən çox əməkdaşının ən azı 9 faizini əhatə edə bilər.
İxtisarların yekun sayı əməkdaşların nümayəndələri ilə aparılacaq danışıqlardan sonra müəyyənləşəcək. Əsasən məhsul və mühəndislik, eləcə də satış bölmələrində ştatların azaldılması nəzərdə tutulur.
SAP mümkün ixtisarlarla bağlı konkret qərar açıqlamasa da, şirkət təşkilati strukturunun strategiyasına və müştərilərin tələblərinə uyğunluğunu mütəmadi qiymətləndirdiyini bildirib.
Şirkətin baş icraçı direktoru Kristian Kleyn süni intellekt texnologiyalarının SAP məhsullarına inteqrasiyasını prioritet istiqamət elan edib. Bu strategiya çərçivəsində şirkətin rəhbər heyətində də dəyişikliklər aparılıb. Altı nəfərdən ibarət icraçı şuranın iki üzvünün gələn ilin martınadək vəzifəsini tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, SAP 2024-cü ildə də təxminən 10 min iş yerini əhatə edən restrukturizasiya proqramı həyata keçirib. Şirkətə təxminən 3 milyard avroya başa gələn proses əsasən könüllü işdən ayrılma və əməkdaşların yenidən hazırlanması hesabına reallaşdırılıb.
Şirkətin maliyyə direktoru Dominik Asam əməkdaşların sayının il ərzində bir qədər artdığını, lakin bu tendensiyanın dəyişə biləcəyini bildirib.
