Media: OPEC+ mövcud neft hasilatı kvotasını qorumağı nəzərdən keçirir

A- A A+

OPEC+ ölkələrinin İran müharibəsinin təsirləri də daxil olmaqla, qeyri-müəyyənliklər fonunda mövcud neft hasilatı kvotasını yanvar ayınadək uzatmağı nəzərdən keçirdiyi bildirilir.

NUHÇIXAN xəbər verir ki, nümayəndələrin məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi alyans 2027-ci il üçün yeni hasilat hədəflərini müzakirə etmək məqsədilə bazar günü onlayn iclas keçirəcək. Görüşdə mövcud hasilat səviyyəsinin saxlanılması məsələsinin də müzakirə olunacağı gözlənilir.

OPEC+ ölkələrinin neft nazirləri dünya bazarına nə qədər xam neft tədarük ediləcəyini müəyyənləşdirmək üçün bir araya gələrkən, ilin ən mühüm qərarlarından biri ilə üzləşəcəklər.

Səudiyyə Ərəbistanı və onun tərəfdaşları alyans daxilindəki fikir ayrılıqlarını nəzərə almaqla, İran müharibəsinin mümkün başa çatmasından sonrakı dövrə hazırlaşmalı və 2027-ci il üçün hasilat siyasətini müəyyənləşdirməlidirlər. Birləşmiş Ərəb Əmirlikləri hasilat məhdudiyyətlərindən uzun müddət narazı qaldıqdan sonra alyansı tərk edib. İraq isə neft hasilatını artırmaq imkanlarının genişləndirilməsi üçün təzyiq göstərir.

Son iki ticarət sessiyasında təxminən 6 faiz bahalaşan “Brent” markalı xam neftin bir barelinin qiyməti hazırda 95 dollar ətrafında ticarət olunur.

İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının, xüsusilə Körfəzdə yerləşən və ölkənin əsas neft ixrac terminallarından biri olan Ras-Tanura limanının, eləcə də Qırmızı dəniz sahilindəki limanların hədəfə alınmasını davam etdirirlər. İran tərəfi, müstəqil mənbələr tərəfindən təsdiqlənməsə də, Hörmüz boğazında bir neçə gəminin minaya düşdüyünü iddia edib.

OPEC+ ölkələrinin qarşıdakı iclası ərəfəsində alyansın 2027-ci il üçün hasilat siyasəti investorların diqqət mərkəzindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: